Ekspert: "Subsidiya müddətinin artırılması yerli istehsalı genişləndirəcək"

Ekspert: "Subsidiya müddətinin artırılması yerli istehsalı genişləndirəcək" “Azərbaycanda biznes kreditlərinə görə subsidiya verilməsi müddətinin artırılması kiçik və orta sahibkalığın inkişafını, o cümlədən yerli istehsalın genişlənməsini təmin edəcək”.
Biznes
111
22 Sentyabr , 2021 15:09
Ekspert: Subsidiya müddətinin artırılması yerli istehsalı genişləndirəcək

“Azərbaycanda biznes kreditlərinə görə subsidiya verilməsi müddətinin artırılması kiçik və orta sahibkalığın inkişafını, o cümlədən yerli istehsalın genişlənməsini təmin edəcək”.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

Xatırladaq ki, dünən Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 1 may 2018-ci il tarixli fərmanında dəyişiklik edib. Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-nə qədər sahibkarların banklardan manatla aldığı kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2025-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin məbləğini Fondla birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir. İndiyə qədər həmin müddət 2019-2023-cü illəri əhatə edirdi.

“İpoteka və Kredit Zəmanət Fondunun yaradılmasında məqsəd sahibkarlığa dəstək verməklə qeyri-neft sektorunda dayanıqlı inkişafı təmin etmək idi. O zaman ardıcıl olaraq iki devalvasiyanın təsirlərinə məruz qalan sahibkarlar dollarla kredit götürməyə çəkinirdi. Banklar isə öz növbəsində manatla kredit verməyə maraq göstərmirdi. Məhz belə bir zamanda dövlət lazım olanı etdi. Bir tərəfdən sahibkarlıq fəaliyyətini stimullaşdırmaq üçün iş adamlarının kreditlərə çıxışı asanlaşdırıldı. Digər tərəfdən isə borcun ödənilməsindəki risklər sığortalandığı üçün bankların daha rahat kiçik və orta sahibkarların kreditləşməsinə gedə bildilər. Bunun nəticəsi olaraq ötən dövr ərzində manatla kredtiləşmədə əhəmiyyətli artım baş verdi. Belə ki, milli valyutada verilən kreditlərin məbləği 2017-ci ildəki 6,95 milyard manat həddindən 2020-ci ildəki 10,2 milyard manata çatdı. Bu ilin 7 ayının nəticələrinə görə isə milli valyutada verilən kreditlərin məbləği 11,2 milyard manatı keçib.

Subsidiyalar üzrə müddətin 2 il artırılması maliyyə sektoru ilə biznes arasında formalaşmış etimad mühitini daha da dərinləşdirəcək. Bununla dövlət biznesə açıq mesaj verir və bu, dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Biz bunu pandemiya dövründə də gördük. Azərbaycan həmin dönəmdə sahibkarlara dəstək verən azsaylı ölkələrdən biri oldu. Bunun nəticəsində pandemiyadan minimum itkilərlə çıxdıq. Dünən verilən qərar birmənalı şəkildə daxili investisiyaları təşviq etməklə, kiçik və orta sahibkalığın inkişafını, o cümlədən yerli istehsalın genişlənməsini təmin edəcək”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi