Ekspert: “Rusiya iqtisadiyyatının perspektivi ilkin göründüyündən qat-qat pisdir”

Ekspert: “Rusiya iqtisadiyyatının perspektivi ilkin göründüyündən qat-qat pisdir” “Rusiya iqtisadiyyatının perspektivi ilkin göründüyündən qat-qat pisdir. Bu, yaxın gələcəkdə çox yüksək inflyasiyadır. Hesab edirəm ki, qiymətlərdə birdəfəlik sıçrayış 15-20% olacaq”.
Biznes
165
7 Mart , 2022 17:55
Ekspert: “Rusiya iqtisadiyyatının perspektivi ilkin göründüyündən qat-qat pisdir”

“Rusiya iqtisadiyyatının perspektivi ilkin göründüyündən qat-qat pisdir. Bu, yaxın gələcəkdə çox yüksək inflyasiyadır. Hesab edirəm ki, qiymətlərdə birdəfəlik sıçrayış 15-20% olacaq”.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu iqtisad elmləri doktoru, Yaxın Şərq Media Tədqiqat İnstitutunun (MEMRI) Rusiya mediasının öyrənilməsi layihəsinin müşaviri Vladislav İnozemtsev bildirib.

“Rusiya Bankının (Mərkəzi Bank) uçit dərəcəsini 9,5%-dən 20%-ə qaldırması nəticəsində ölkədə kreditlə mal satışı tamamilə dayanacaq. Çünki, uçot dərəcəsi vətəndaşlar üçün tamamilə dözülməzdir. Üstəlik, davam edən qiymət artımı fonunda mal təklifində kəskin azalma müşahidə olunur. İdxalın iflic olacağı istisna deyil. Özü də banklara tətbiq edilən sanksiyalara görə yox, Qərb müəssisələrinin aşkarşəkildə Rusiya ilə işləmək istəmədiklərinə görə. Bu da daxili bazarda qiymətləri yüksəldəcək. Bu, Finlandiya və bir sıra digər ölkələrin Rusiyaya mal tədarük etməkdən imtina etdiyi son günlərdə aydın görünür. Düşünürəm ki, belə problemlər bir neçə aya qat-qat artacaq və bundan sonra yeni plato və yaxud yeni normal durum yaranacaq. Amma bu, məncə, yaydan əvvəl olmayacaq. Nəticədə ikinci rübdə ümumi daxili məhsul (ÜDM) 8-12%, vətəndaşların real gəlirləri isə 15% azalacaq, inflyasiya da ilin əvvəlində proqnozlaşdırılandan xeyli yüksək olacaq”, - deyə o, qeyd edib.

Ekspertin fikincə, Rusiya iqtisadiyyatının gələcək vəziyyəti müharibənin dayanıb-dayanmamasından, Prezident Vladimir Putinin hakimiyyətdə qalıb-qalmayacağından və təbii ki, Qərbin nə edəcəyindən asılı olacaq: “Moskvaya təsiri gücləndirmək üçün hələ də çoxlu variant var. Mərkəzi Bankın ehtiyatlarının bloklanması kimi işlər artıq başlayıbsa, o zaman tam aydındır ki, növbəti addım internetin praktiki olaraq tam iflic edilməsi ola bilər. Bu da ilk növbədə banklar və hökumət üçün proqram təminatına qədər bütün tətbiqlərin işinin dayandırılmasına səbəb olacaq. Ancaq artıq olanlar belə zərbədir, bu zərbə ilə Rusiya iqtisadiyyatı 2008-ci il böhranı ilə müqayisə oluna biləcək ciddi böhrana girəcək. Bu birmənalıdır”.

“Hətta baş verənlərə daha tənqidi yanaşanlar arasında belə Qərbin sanksiyalarının belə miqyasda olacağını heç kim təsəvvür edə bilməzdi. Təbii ki, ən çox zərəri xarici ticarət görəcək. Aviasiya sənayesi artıq, demək olar, iflic vəziyyətindədir. Bütün maliyyə sektoru, o cümlədən investisiya bankçılığı, fikrimcə, indi tamamilə məhv olacaq. Təbii ki, nəqliyyat və logistika ilə bağlı hər şey də. İşsizlik artacaq, lakin kritik dərəcədə yox. Avtomobil yığımı üzrə zavodlar və Qərb kapitalı ilə əlaqəli digər müəssisələr bağlanacaq. Amma o sahəda həmişə çox da “yüklənmə” olmayıb. Əsas məşğulluq sanksiyaların mənfi təsirinə daha az məruz qalan pərakəndə ticarətin payına düşür. Hökumət sosial partlayışın qarşısını almaq üçün tədbirlər görməyə çalışacaq. Amma vəziyyətin bütün yükü, təbii ki, yenə də əhalinin üzərinə düşəcək”, - deyə alim əlavə edib.

“Rusiyanın maliyyə təhlükəsizliyi yastığı olan əsas valyuta ehtiyat fondları nə qədər uzun müddətə çatacaq? Bunu heç kim bilmir, heç kim başa düşmür ki, bu ehtiyatlar hələ də var, ya yox? Axı prinsipcə Mərkəzi Bankın ehtiyatlarının yarısı bloklanandan sonra qalan yarı hissə də likvid deyil. Çünki indi, indiki vəziyyətdə yuanı dollara sata bilməzsiniz. Qızılı satmaq da çox çətindir. Ona görə də bu gün çətin ki, kimsə sizə hansı ehtiyatların olduğunu və onların nə qədər müddətə bəs edəcəyini dəqiq desin”, - deyə müşavir fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi