Ekspert: "Bu il Rusiyada ikirəqəmli tənəzzül ola bilər"

Ekspert: "Bu il Rusiyada ikirəqəmli tənəzzül ola bilər" "Bu il Rusiya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Ölkəyə qarşı sanksiyalar genişləndirilsə, tənəzzülün tempi ikirəqəmli olacaq".
Biznes
7 Mart , 2022 16:20
Ekspert: Bu il Rusiyada ikirəqəmli tənəzzül ola bilər

"Bu il Rusiya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Ölkəyə qarşı sanksiyalar genişləndirilsə, tənəzzülün tempi ikirəqəmli olacaq".

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu “Renessans Capital” şirkətinin MDB ölkələri üzrə baş iqtisadçısı Sofya Donets bildirib.

“Hesab edirəm ki, bu il tənəzzülün olacağını əminliklə söyləmək olar. Amma məsələ onun hansı miqyasda olacağıdır. Bizim üçün ehtiyatlı qiymətləndirmə 4% təşkil edir. Tənəzzülün daha real, lakin daha mənfi qiymətləndirilməsi isə 12%-dir. Bu, əlavə sanksiyaların mümkünlüyünü, onların genişləndirilməsini nəzərdə tutduğumuz ssenaridir. Başa düşməliyik ki, tənəzzül bir il olmaya bilər - iki il dalbadal geriləmə görə bilərik, bu istisna deyil”, - deyə iqtisadçı qeyd edib.

“Resessiya hansı kanaldan keçəcək? İlk növbədə, bu, investisiya aktivliyidir, çünki indi o, “fasilə götürəcək” və ilin sonunda böyük mənfi göstəricidə olacaq. Düşünürəm ki, 2015-ci (10,1%), 2009-cu (13,5%) illərdəki ilə müqayisə edilə biləcək investisiya aktivliyinin aşağı düşməsindən danışmaq olar. Hətta vəziyyət daha betər ola bilər, çünki biz başa düşürük ki, indi həm proqnozlaşdırma, həm də ticarət əlaqələrinin pozulması baxımından vəziyyət daha pisdir”, - deyə S.Donets əlavə edib.

“İnflyasiyaya gəlincə, əmtəə qiymətlərinin artması, tədarükün qeyri-müəyyən taleyi ilə bağlı xərclərin artması, mümkün idxal qıtlığı, rublun zəifləməsi və s. ilə bağlı indi mütləq inflyasiya şoku olacaq. Əlbəttə ki, orta illik inflyasiya daha əvvəl gözləniləndən qat-qat yüksək olacaq. Lakin iqtisadiyyat tənəzzülə girdiyi üçün tələbin azalması fonunda qiymətlər də təbii olaraq öz artımını ləngidəcək. İlin sonunda inflyasiyanın nə həddə olacağını indidən dəqiq söyləmək çətindir. Aydındır ki, 2022-ci ilin sonunda gözləniləndən (Mərkəzi Bankın 2022-ci il üzrə cari proqnozu 5-6% təşkil edir) xeyli çox olacaq. Lakin bu, birdəfəlik artım olacaq, sonra isə resessiya ssenarisi ilə bağlı sabitləşmə baş verəcək, nəticədə 2023-cü ildə yüksək baza və tənəzzül fonunda inflyasiya düşündüyümüzdən də aşağı ola bilər”, - deyə ekspert inflyasiya ilə bağlı gözləntiləri şərh edib.

“Uzunmüddətli artıma gəlincə, idxalı əvəzləmənin üstünlükləri haqqında çox danışmaq olar, lakin iqtisadiyyatın qlobal bazardan, qlobal sistemdən dezinteqrasiyası yalnız potensial artımın pisləşməsinə səbəb ola bilər”, - deyə S.Donets əvvəllər 2-2,5% civarında qiymətləndirilən Rusiya iqtisadiyyatının potensial artımı barədə danışarkən bildirib və deyib ki, “Səfərbərlik ssenarisinin hansısa qısamüddətli təsirinə arxalanmaq olar, lakin o, maliyyə cəhətdən, iqtisadi cəhətdən qeyri-sabitdir, əvvəllər yaradılmış institutları məhv edir, bu baxımdan o, yalnız qısa müddətə fəaliyyət göstərə bilər və ya digər sektorlardakı durğunluq səbəbindən çox ayrı sektorlarda artım yarada bilər”.

“Əlbəttə, biz iqtisadiyyatın hər hansı tam çöküşünü və ya çoxillik resessiya olacağıqı gözləmirik, lakin real gəlirlərin uzunmüddətli durğunluğunu gözləmək olar. Üstəlik, əvvəllər nikbin olaraq orta səviyyədə 2,5-3% səviyyəsində təxmin etdiyimiz artımı da indi real olaraq qiymətləndirməli, uzunmüddətli artımın 1%-i keçməyəcəyini qəbul etməliyik”, - deyə iqtisadçı uzunmüddətli perspektivdə mümkün artım templəri haqqında fikrini bildirib.

Son xəbərlər

Orphus sistemi