Ekspert: "Aİ-95" və "Aİ-98"in bahalaşması ekoloji təmiz maşınlara tələbatı artıracaq"

Ekspert: "Aİ-95" və "Aİ-98"in bahalaşması ekoloji təmiz maşınlara tələbatı artıracaq" Bir neçə gündür ki, Azərbaycanda xaricdən gətirilən "Aİ-95" ("Premium") və "Aİ-98" ("Super") markalı benzinlər 5 qəpik bahalaşıb.
Biznes
5 Avqust , 2021 16:36
Ekspert: Aİ-95 və Aİ-98in bahalaşması ekoloji təmiz maşınlara tələbatı artıracaq

Bir neçə gündür ki, Azərbaycanda xaricdən gətirilən "Aİ-95" ("Premium") və "Aİ-98" ("Super") markalı benzinlər 5 qəpik bahalaşıb. Əgər əvvəllər bu benzinlərin hər litrinin qiyməti müvafiq olaraq 1,4 manat və 1,55 manat idisə, hazırda onlar 1,45 manata və 1,6 manata satılır.

Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi "SOCAR Petroleum" MMC-də bahalaşmanı idxal qiymətlərinin artması ilə izah edirlər. Bəs qiymət artımları yerli istehlakçılara necə təsir edir? "Aİ-95" və "Aİ-98" markalı benzindən istifadə edən avtomobil sahiblərinin sayı çoxdurmu? "Report" bu məsələlərə aydınlıq gətirmək üçün nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikirlərini öyrənib.

O, "Report"a açıqlamasında bildirib ki, sözügedən benzinlərin bahalaşması ilk növbədə ekoloji təmiz avtomobillərə tələbatı artıracaq: “Son illər Aİ-95 markalı benzinin qiymətlərinin artması avtomobillərin qiymətlərinə təsir etməsə də, maşın seçiminə təsir edib. Vətəndaşlar mühərrikinin həcmi az olan və hibrid avtomobillərə üstünlük verirlər. Çünki benzinin gələcək qiymətini proqnozlaşdırmaq çətindir və buna görə də insanlar ən aşağı benzin sərfiyyatı olan və yaxud hibrid avtomobillər alırlar. Düşünürəm ki, qarşıdakı aylarda bu tipli avtomobillərin sayı artacaq".

E.Cəfərovun sözlərinə görə, “Premium” və “Super” markalı benzinin alışı təbəqələrdən asılı deyil: "Bu, daha çox avtomobillərdən asılıdır. Misal üçün, mən özüm imkanlı adam deyiləm, amma bir müddət "Aİ-95" markalı benzin istifadə edirdim və benzin sərfiyatı məni qane edirdi. Amma qiymət artımından sonra mən "Aİ-92" markalı benzinə qayıtdım.

Deməyim odur ki, bu markalı benzindən istifadə təbəqələşmədən deyil, avtomobilin spesifikasiyasından asılıdır. Bu gün dilerlərdə elə avtomobillər var ki, onlarda "Aİ-92" və "Aİ-95" markalı benzinlərin hər ikisindən istifadə etmək olar. Amma bir çox avtomobillərdə isə yalnız "Premium" markalı benzin istifadə edilməlidir. Təbii ki, bu istehsalçının nəqliyyat vasitəsini istifadə edən şəxslərə tövsiyəsidir. Bir məsələni də nəzərə almaq lazımdır ki, "Aİ-92" və "Aİ-95" markalı benzinlərin qiymətləri arasında böyük fərq var və avtomobilin mühərrikinin həcmi böyük olanda vətəndaş məcburən "Aİ-92"dən istifadə edir.

Amma hazırda Premium markalı benzinlə çalışan avtomobillər elə həmin markalı benzinlə də çalışacaq. Gələcəkdə onların "Aİ-92"yə keçidi avtomobildə nasazlıq yaradacaq. Əgər bir şəxs yeni avtomobil həvəskarıdırsa, o yenə də yeni avtomobil alacaq. Qiymət artımı buna təsir etməyəcək. Sadəcə insanlar daha çox hibrid yaxud elektrik enerjisi ilə çalışan avtomobillərə üstünlük verəcək. İndi mühərrik həcmi böyük olan avtomobillər də hibriddir. Mühərrik həcmi böyük olsa da, hibridə üstünlük verəcəklər. Ola bilər ki, “Premium” və “Super” markalı benzinə tələb azalsın, lakin istənilən halda yenə də tələb olacaq. Burada bir paradoksal məsələ də var. Dünya bazarında bu markalı benzinə tələbat azalsa belə, qiymət yüksəlməsi davam edə bilər”.

Son xəbərlər

Orphus sistemi