ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlara da geri ödəniş olacaq

Biznes
  • 11 noyabr, 2026
  • 14:41
ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlara da geri ödəniş olacaq

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən, əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər.

"Report" xəbər verir ki, bunu ATV-nin "İqtisadi zona" verilişinin efirində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bildirib.

"Bildiyiniz kimi, 2019-cu ildən başlayaraq əlavə dəyər vergisi ödəyicilərindən pərakəndə ticarət, ictimai iaşə və digər xidmət sahələrində əhalinin alışları üzrə ƏDV-nin müəyyən hissəsinin nağdsız və nağd ödənişlərə uyğun fərqli faiz dərəcələri ilə istehlakçılara geri qaytarılması nəzərdə tutulub. "ƏDV geri al" mexanizminin tətbiqi nəticəsində ötən dövr ərzində həmin subyektlərin və sahələrin dövriyyələri daha da şəffaflaşıb. İctimai nəzarətin təmin olunması ilə əhali tərəfindən çeklərin tələb edilməsinə başlanılıb. Bu da öz növbəsində həm vergi daxilolmalarının artmasına, həm də həmin sahələrdə dövriyyələrin leqallaşmasına gətirib çıxarıb. Ona görə də bu layihənin davamı olaraq ƏDV ödəyicisi olmayan subyektlərdən də əhali tərəfindən alışlar zamanı yalnız nağdsız qaydada ödənilən vəsaitin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması nəzərdə tutulur. ƏDV ödəyicilərindən fərqli olaraq, yeni mexanizm yalnız nağdsız qaydada həyata keçirilən ödənişlərə şamil olunacaq. Bu məqsədlə nağdsız ödənişin 0,9 faizi həcmində vəsaitin istehlakçılara geri qaytarılması təklif edilir", - deyə o qeyd edib.