EBRD Azərbaycanın avadanlıq istehsalçısına ikinci kredit ayıracaq

Biznes
  • 01 dekabr, 2022
  • 13:21
EBRD Azərbaycanın avadanlıq istehsalçısına ikinci kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 3 müasir anbarın tikintisi üçün Azərbaycanın “Gemza Group” MMC şirkətinə 5,6 milyon avroya qədər təminatlı kreditin ayrılmasını təsdiqləyib.

“Report”un banka istinadən verdiyi xəbərə görə, layihənin ümumi dəyəri 19 milyon 105 min 201,32 avro təşkil edir.

Bu layihə şirkətin yeni biznes xəttinin genişlənməsinə və gəlirlərinin şaxələndirilməsinə kömək edəcək.

“Gemza Group” Azərbaycan, Mərkəzi Asiyanın bəzi ölkələri, BƏƏ və Türkiyəyə fırlanan avadanlıqlar (nasoslar və nasosun qapaqlarını) tədarük edir, ehtiyat hissələri istehsal və təmir edir, texniki xidmət və əsaslı təmir xidmətləri göstərir.

Xatırladaq ki, bu, EBRD-nin “Gemza Group” ilə ikinci razılaşması olacaq. Ötən ilin noyabrında bank şirkətə 8 milyon avro məbləğində kredit ayırıb. Bu maliyyə vəsaiti kapital xərcləri və ehtiyacların təmin edilməsi üçün nəzərdə tutulub.

“Əlavə maliyyələşdirmənin verilməsi təklif olunan kreditin müddətindən və ödəmə strukturundan asılıdır. Bu da layihənin həyata keçirilməsi üçün zəruridir. Yerli banklar əsasən məhdud ödəniş qrafiki ilə daha qısa müddətə kreditlər verir. “Gemza Group” həmçinin EDGE sertifikatını almaq üçün EBRD-nin enerji və resurs səmərəliliyi sahəsində təcrübəsindən istifadə edir", - məlumatda deyilir.

Layihə həmçinin “FinTecC” proqramı vasitəsilə “EU4 Climate” təşəbbüsü çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək resurs və enerji səmərəliliyinin artırılması imkanlarını müəyyən etmək üçün texniki əməkdaşlığı da əhatə edir.