Azərbaycan “ASAN Xidmət” və DOST sistemlərindən istifadə edərək rəqəmsal bacarıqları daha da inkişaf etdirə bilər.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) bildirib.
S.Mayklın sözlərinə görə, bu sistemlər yeni bacarıqlar üçün baza rolunu oynaya bilər.
“Bildiyiniz kimi “ASAN Xidmət”in xidmətlərindən təkcə Bakıda deyil, praktik olaraq ölkənin hər yerində istifadə etmək olur. Onun xidmətləri o qədər genişdir ki, gənc insandan ən yaşlı şəxsə qədər hamıya aiddir. Əgər bu gün insanlar şəxsən həmin mərkəzlərə yaxınlaşıb xidmət ala bilirsə, bu infrastruktur imkan verə bilər ki, gələcəkdə onlar bu xidmətləri rəqəmsal şəkildə də alsınlarr”, - deyə o qeyd edib.
Dünya Bankı rəsmisi əlavə edib ki, insanların rəqəmsal xidmərlərə əlçatanlığını sürətləndirmək üçün onlar “ASAN Xidmət” mərkəzlərində məlumatlandırıla bilər: “Əgər vətəndaş bilsə ki, ona göstərilən xidməti onlayn ala bilər, bu, onda stimul yarada bilər. Bu baxımdan maarifləndirmənin də rolu əhəmiyyətlidir”.
S.Mayklın sözlərinə görə, rəqəmsal bacarıqların artırılması yoxsulluğun azaldılmasına xidmət edəcək: “İlk olaraq onu qeyd edim ki, rəqəmsal inkişaf ümumi daxili məhsulun (ÜDM) artmasına xidmət edir. Beynəlxalq Telekommunikasiya İttifaqının açıqladığı rəqəmlərə görə də genişzolaqlı internet şəbəkəsinin istifadəçilərinin sayının 10 % artması, ÜDM-in həcminin 1,4-1,8 % artması deməkdir. Rəqəmlər bunu söyləyir. Digər göstəricilər də onu göstərir ki, rəqəmsallaşma ilə iqtisadi artım arasında bilavasitə əlaqə var. Digər tərəfdən rəqəmsal xidmətlər yeni iş yerləri yaradır. Bu da iqtisadi rifahın güclənməsinə xidmər edən başqa bir amildir. Xüsusilə də ucqar regionlarda rəqəmsal xidmətlər gəlirlərin artmasına gətirib çıxara bilər. Azərbaycanda rəqəmsal bacarıqların artırılması digər ölkələrə xidmət ixracını da artıra bilər”.