Bu ilin noyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ümumilikdə 44 350 müraciət daxil olub ki, onların 96,7 %-i ərizələr, 3,2 %-i şikayətlər, 0,1 %-i isə müxtəlif təkliflər təşkil edib.
"Report" quruma istinadən xəbər verir ki, daxil olmuş müraciətlərdən 68,5 %-nin baxılması noyabrda başa çatdırılıb, 31,5 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 40 %-i həll olunub. Müraciətlərin 62,1 %-i barədə müvafiq izahatlar verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.
Noyabrda daxil olmuş şikayətlərin faktiki sayı 1 150 olub. Həll edilmiş şikayətlərin 71,1 %-i kameral vergi yoxlamaları, qalanları vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, ƏDV depozit hesabı, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması və əvəzləşdirilməsi, riskli vergi ödəyicisi hesab edilməməsi və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 80 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.