Dövlət Gömrük Komitəsi "kölgə iqtisadiyyatı" ilə mübarizənin istiqamətlərini açıqlayıb

Dövlət Gömrük Komitəsi "kölgə iqtisadiyyatı" ilə mübarizənin istiqamətlərini açıqlayıb Dövlət Gömrük Komitəsi (DGK) “kölgə iqtisadiyyatı” ilə bir neçə istiqamətdə mübarizə aparır.
Biznes
13 Sentyabr , 2019 12:29
Dövlət Gömrük Komitəsi kölgə iqtisadiyyatı ilə mübarizənin istiqamətlərini açıqlayıb
Report / Elchin Murad

Dövlət Gömrük Komitəsi (DGK) “kölgə iqtisadiyyatı” ilə bir neçə istiqamətdə mübarizə aparır.

“Report”un məlumatına görə, bunu DGK-nın sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, ölkəyə idxal olunan və ölkədən ixrac olunan məhsulların insan iştirakı olmadan rəsmiləşdirilməsi bu istiqamətlərdən biridir: “Sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin qeydiyyatı tam avtomatlaşdırılıb. Bununla da qeydiyyatsız malların ölkəyə girişinə qadağa qoyulub. Bu gün son 2 il ərzində bir dənə də qeydiyyatsız avtomobil ölkəyə daxil ola bilməyib”.

DGK sədri bildirib ki, bu mübarizənin II istiqaməti risklərin dəyəndirilməsi və baş verə biləcək risklərin qiymətləndirilməsi, III istiqaməti isə qaçaqmalçılıqla mübarizədir. Bəzi işbazlar formalaşıb və bizim işimiz onları müəyyən edib “kölgə iqtisadiyyatı”nı aradan qaldırmaqdır. O cümlədən xüsusi imtiyaz verilmiş şəxslər arasında kommersiya məqsədi üçün nəzərdə tutulmadığı adı altında belə fəaliyyətlə məşğul olan işbazlar formalaşıb. Bu işbazlarla da mübarizə aparılır”.

S.Mehdiyev qeyd edib ki, tranzit zamanı dövlətlər arasında onlayn məlumat mübadiləsi sisteminin yaradılması da vacibdir: “Aparılan islahatların nəticəsi bizi sevindirir. Keçən il DGK büdcəyə 1 milyard manatdan artıq vəsait köçürüb. Bu il isə əlavə 500 milyon manat vəsaitin köçürülməsi nəzərdə tutulur. Yəni, 1,3 milyard manat nəzərdə tutulsa da, bu rəqəmin 1,8 milyard manat olması gözlənilir”.

S.Mehdiyev bildirib ki, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması üçün qaçaqmalçılıq sahəsində mübarizə də artıq öz bəhrəsini verir. O qeyd edib ki, 2017-ci illə müqayisədə 2018-ci ildə Azərbaycanın tranzit potensialı 2 dəfədən artıq artıb.

Bundan başqa, onun sözlərinə görə, “Yaşıl dəhliz” sistemi sahibkar-məmur ünsiyyətini minimuma endirib: “Biz dövlət olaraq sahibkarın qanuni ticarətlə məşğul olmasını təşviq etməliyik. Əgər hər hansı malı alarkən onun çekini almırıqsa, “kölgə iqtisadiyyatı"na şərait yaratmış oluruq”.

Son xəbərlər

Orphus sistemi