Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) yaradılan Azərbaycan pavilyonu bu gündən fəaliyyətə başlayıb.
“Report” xəbər verir ki, oktyabrın 2-dən 2024-cü il martın 28-nədək fəaliyyət göstərəcək “Doha Ekspo 2023” “Yaşıl səhra, daha yaxşı ətraf mühit” (“Green Desert, Better Environment”) mövzusunda təşkil edilib.
Milli pavilyonumuzda “Doha Ekspo”nun ümumi mövzusuna uyğun Azərbaycan florasının zənginliyi göstərilir və iqlim zonalarına uyğun olaraq bitkilərdən kompozisiyalar yaradılıb. Burada Qarabağ florasının tacı olan Xarıbülbül gülünün gözəlliyi də ziyarətçilərə çatdırılır.
Pavilyonda həmçinin Azərbaycan mədəniyyətinə dair eksponat və məlumatlar yer alıb. Burada xalçaçılıq, misgərlik, şəbəkə kimi xalq sənətkarlığı, milli geyimlər, eləcə də muğam triosu nümayiş olunur.
Sərgidə 70-dən çox ölkə və 20-yə yaxın beynəlxalq təşkilat təmsil olunur. Ziyarətçilər ekspo çərçivəsində müasir kənd təsərrüfatı, texnologiya və innovasiyalar, ekoloji maarifləndirmə və davamlılıq mövzuları ilə tanış ola biləcəklər.
1,7 milyon kvadratmetr ərazisi olan tədbir məkanı Dohanın ən böyük parklarından biri olan Al Bidda parkında keçirilir. Burada ərazi 3 zonaya - pavilyonların təqdim edildiyi Beynəlxalq Zona, əyləncəli tədbirlərin keçiriləcəyi Ailəvi Zona və müxtəlif debatların, konfrans və sərgilərin təşkil olunacağı Mədəniyyət Zonasına bölünüb.