Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası olub

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası olub İclasda Şura sədrinin müavini, nazir Mikayıl Cabbarov və Şuranın üzvləri iştirak ediblər
Biznes
24 Fevral , 2021 16:55
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası olub

Bu gün Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun sədrliyi ilə qurumun 11-ci iclası keçirilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, videokonfrans formatında keçirilən iclasda Şura sədrinin müavini, nazir Mikayıl Cabbarov və Şuranın üzvləri iştirak ediblər.

Tədbirdə Ə.Əhmədov ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işləri, DİM-lərin icrası prosesində qurulmuş səmərəli əməkdaşlıq nəticəsində Azərbaycanın BMT-nin 2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında mövqeyinin yaxşılaşdığını diqqətə çatdırıb. O qeyd edib ki, hesabata əsasən, ölkəmiz dünyanın 166 ölkəsi arasında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə 100 baldan 72,6 bal toplayaraq 54-cü pillədə qərarlaşıb və bu göstərici ilə bütün qonşu ölkələri geridə qoyub. BMT-nin İqtisadi və Sosial Şurasının 2021-ci ilin iyul ayında keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycan 3-cü Könüllü Milli Hesabat təqdim edəcək və hazırda hesabatın hazırlanması ilə bağlı işlər aparılır. Azərbaycan regionda üçüncü dəfə Könüllü Milli Hesabat təqdim edəcək ilk ölkə olacaq.

İclasda “Milli prioritet kimi təsdiq edilmiş DİM göstəriciləri üzrə statistik məlumat istehsalı sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və bu çərçivədə hazırlanan 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması vəziyyəti”, “Ölkə prezidentinə təqdim etmək üçün DİM-lərin icrası ilə əlaqədar Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında 2020-ci il üzrə yekun Hesabat” və “2021-ci ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna təqdim ediləcək Azərbaycanın 3-cü Könüllü Milli Hesabatının hazırlanması ilə bağlı cari vəziyyət” mövzularında məruzələr dinlənilib.

Ölkə Prezidentinə təqdim olunması məqsədilə DİM-lərin icrası ilə əlaqədar 2020-ci il üzrə Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında Yekun Hesabatı Şura üzvləri müzakirə edərək təsdiqləyib, 2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf strategiyasının və 3-cü Könüllü Milli Hesabatın hazırlanması ilə bağlı müvafiq tövsiyələr və tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi