Daşınmaz əmlak bazarında vəziyyət: Bəzi evlərin qiyməti artıb

Daşınmaz əmlak bazarında vəziyyət: Bəzi evlərin qiyməti artıb Ötən il bina evlərinin satışı dayandı, lakin bu qiymətə elə də təsir etmədi
Biznes
1614
21 Yanvar , 2021 16:05
Daşınmaz əmlak bazarında vəziyyət: Bəzi evlərin qiyməti artıb

“2020-ci ildə pandemiyanın yayılmağa başladığı ilk dövrdə müxtəlif məhdudiyyətlərin tətbiqi, sərhədlərin bağlanması, bir çox sahələrin fəaliyyətini dayandırması, insanların rayonlara qayıtması və rayonda olanların paytaxtda gələ bilməməsi nəticəsində kirayə mənzil bazarı tamamilə çökdü. Ölkəmizdə olan xarici vətəndaşların öz ölkələrinə qayıtması bu prosesi daha da dərinləşdirdi”.

Bunu “Report”a açıqlamasında daşınmaz əmlak bazarındakı ümumi vəziyyəti şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspert bildirib ki, sərt karantin rejimi tətbiq olunanda insanlar təqribən mart-aprel aylarında bağ evlərinə üz tutub:

“Bundan sonra bağ evlərinin qiyməti artdı və kirayəyə verilməsində sürətlənmə oldu. Qiyməti 150-250 min manat arasında olan evlərə tələbat çoxaldı. Sonra isə getdikcə karantin şərtlərində yumşalmalar oldu və artıq həm də qış ayı olduğuna görə bağ evlərinə demək olar ki, tələbat qalmayıb.

Ötən il bina evlərinin satışı dayandı, lakin bu qiymətə elə də təsir etmədi. Bəzi əmlaklar var idi ki, onların qiymətləri həddən çox şişirdilmişdi. Həmin əmlakların qiyməti sonradan azalmağa başladı. Yeni tikili binalarda isə qiymət azalması olmadı. Çünki bir müddətdir ki, yeni tikili binaların inşası əvvəlki kimi davam eləmir. Şəhərin mərkəzində yerləşən bahalı evlərin isə demək olar ki, satışı yoxdur”.

Ekspert kommersiya obyektləri ilə bağlı vəziyyəti də şərh edib: “Bəzi obyektlərin, məsələn, şadlıq evlərinin qiyməti əvvəllər fantastik və müştəriləri də çox idi. Artıq bir ilə yaxındır ki, onların qapısı bağlıdır və qiymətləri düşüb. Toy mərasimləri ilə əlaqədar olan bütün obyektlərin fəaliyyəti dayanıb. Ona görə də həmin obyektlər bazara hansı qiymətə çıxarılsa da, onlara tələbat yoxdur. Bəzi obyektlərin qiymətində isə kəskin artım oldu. Misal olaraq market və aptek fəaliyyəti üçün yararlı olan yerləri göstərmək olar. Çünki pandemiya dövründə bütün sahələr bağlansa da, bu obyektlərin fəaliyyəti davam etdi”.

“2021-ci il başlayandan daşınmaz əmlak bazarında ötən ilkindən ciddi fərq olmadı"

Elnur Fərzəliyev

Daşınmaz əmlak üzrə ekspert

E.Fərzəliyev hesab edir ki, bu il də bazarda ciddi dəyişiklik olmayıb: “2021-ci il başlayandan daşınmaz əmlak bazarında ötən ilkindən ciddi fərq olmadı. Yalnız bir neçə gün əvvəl kommersiya banklarına ipoteka krediti üçün vəsait ayrıldı və banklar ipoteka kreditləri verməyə başladılar. Bunun nəticəsində alıcıların sayı kəskin artdı. Hər dəfə ipoteka krediti veriləndə bazarda ciddi müsbət tərpəniş olur. Amma əvvəllər köhnə beşmərtəbəli binaları da ipoteka ilə almaq olurdu. İndi isə İpoteka Fondu həmin binalara kredit ayırmır. İpoteka krediti yalnız doqquzmərtəbəli və aşağı qiymətə olan yeni tikili binalarda olan mənzillərə görə verilir. İndi bazarda ipoteka kreditlərinin hesabına vəziyyət əvvəlki aylara baxanda bir qədər yaxşıdır”.

MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov isə daşınmaz əmlak bazarında seqmentlər üzrə qiymətlərin hansı faiz nisbətində dəyişdiyini bildirib:

“Ötən ilin dekabr ayı ərzində daşınmaz əmlak bazarında qiymətlər 1,52 %, ötən 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə 1,21 % artıb. Təkrar mənzil bazarında ay ərzində 2,19 % azalma, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 6,54 % artım qeydə alınıb. İlkin mənzil bazarında ay ərzində 2,1 % azalma, il ərzində 12,18 % artım olub. Fərdi yaşayış evlərinin qiyməti ay ərzində 3,17 %, il ərzində 3,68 % artıb.

Kommersiya obyektləri bazarında ay ərzində 1,01 %, il ərzində 9,38 % artım nəzərə çarpıb. Torpaq bazarında isə qiymətlərdə ay ərzində 8,34 % azalma, il ərzində 12,07 % azalma olub”.

Son xəbərlər

Orphus sistemi