Çinin bazar tənzimləyicisi, texnologiya nəhəngi “Tencent”in səhm paketinə sahib olduğu ölkənin ən böyük 2 video oyun yayım saytının birləşməsini bloklayıb.
“Report” bu barədə "Reuters"ə istinadən xəbər verir.
Qeyd edək ki, “Tencent” “Huya” və “DouYu”nun birləşməsi ilə bağlı planını ötən il açıqlamışdı. Texnologiya nəhəngi “Huya”nın səhm paketinin 36 %-nə, “DouYu”nun isə səhmlərinin 1/3-nə nəzarət edir. Bu səhm paketinin ümumi dəyəri isə 5,3 milyard ABŞ dollara bərabərdir.
Çinin Dövlət Bazar Tənzimləmə Təşkilatı (SAMR) birləşmədən sonra yeni şirkətin video oyun yayım sənayesində bazar payının 70 %-i keçəcəyini və bunun da “Tencent”in üstünlüyünü artıracağını bildirib. Hazırda Tencent” onlayn oyunlar seqmentində 40 % paya sahibdir.
“Tencent” açıqlamasında qərara uyğun hərəkət edəcəyini, bütün lazımi qaydalara riayət etməyə və ictimai vəzifələrini yerinə yetirməyə çalışacağını söyləyib.
Xatırladaq ki, Çinin bazar tənzimləyicisi aprel ayında inhisarlaşma yolunda irəliləyən “Alibaba”ya antiinhisar istintaqı nəticəsində 2,8 milyard ABŞ dolları məbləğində cərimələmiş, rəqabəti pozduğu səbəbiylə “Tencent” dəstəkli “KE Holdings” barədə istintaq başlatmışdı.
Bundan başqa, Çin hökuməti, milyarder Jack Manın “Ant Group”un səhmlərinin kütləvi tədavülünü də dayandıraraq maliyyə bazarlarını sarsıtmışdı.