“Caspian European Club” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə biznes-forum keçirib

“Caspian European Club” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə biznes-forum keçirib Bakı. 29 avqust. REPORT.AZ/ “Caspian European Club”un İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyevin iştirakı ilə bu gün təşkil etdiyi biznes-forum çərçivəsində Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.
Biznes
29 Avqust , 2018 17:48
“Caspian European Club” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə biznes-forum keçirib
0 : 00
0 : 00

Bakı. 29 avqust. REPORT.AZ/ “Caspian European Club”un İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyevin iştirakı ilə bu gün təşkil etdiyi biznes-forum çərçivəsində Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.

Bu barədə “Report”a Klubdan məlumat verilib.

Tədbirdə çıxış edən Z.Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirilən pilot layihənin Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında uğurla davam etdiyini bildirib.

Ölkə başçısının sərəncamına əsasən, həyata keçirilən bu layihə çərçivəsində pilot ərazilərdə görülən tədbirlərdən danışan sədr sözügedən ərazilərdə Agentliyin tabeçiliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin strukturlarının yeniləndiyini, diaqnostik laboratoriyalarının yenidən qurulduğunu, İlkin Səhiyyə Xidmətinin təşkil edildiyini, ailə sağlamlıq mərkəzlərinin yaradıldığını xüsusilə vurğulayıb. Pilot tibb müəssisələrinin idarəedilməsi üçün xəstəxanalarda elektron sistemin geniş tətbiqinə başlanıldığını qeyd edən Z.Əliyev Agentlik tərəfindən yeni elektron xidmətin istifadəyə verildiyini də söyləyib.

Görülən bu kimi tədbirlərlə bağlı pilot ərazilərdə bir neçə istiqamətdə məmnunluq sorğularının keçirildiyini qeyd edən sədr ilkin nəticələrə əsasən əhalinin İTS-nin tətbiqindən məmnunluğunun yüksək olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Biznes-forum çərçivəsində “Caspian European Club”un şirkətləri Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı suallar səsləndirib, həmçinin bizneslə İcbari tibbi Sığorta üzrə Dövlət agentliyi arasında aktiv dialoqun davamı üçün təkliflər irəli sürüblər. Telman Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunanadək Z.Əliyevin “Caspian European Club”un idarə heyətinin üzvü olduğunu, müxtəlif layihələrin müzakirəsində və həyata keçirilməsində fəal iştirak etdiyini qeyd edib.

Biznes-forumda çıxış edən “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru T.Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə Z. Əliyevə minnətdarlığını bildirib.

T.Əliyev bütün iştirakçıları Azərbaycan Respublikasının Hökumətinin və “Caspian European Club”un dəstəyi ilə sentyabrın 20-də keçiriləcək 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku-2018”də iştirak etməyə dəvət edib.

Biznes-forum zamanı Z.Əliyevə "Caspian European Club"un fəxri üzvü sertifikatı təqdim olunub. Tədbirdə şirkət rəhbərləri, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi