BYD-nin Özbəkistandakı filialı Azərbaycanda avtomobil yığmağa maraq göstərir

Biznes
  • 10 iyun, 2025
  • 16:14
BYD-nin Özbəkistandakı filialı Azərbaycanda avtomobil yığmağa maraq göstərir
Azimjon Həsənov

Çinin avtomobil istehsalçısı BYD şirkətinin Özbəkistandakı filialı Azərbaycanda avtomobil yığmaqda maraqlıdır.

Bunu "Report"a açıqlamasında şirkətin Özbəkistandakı satış müdiri Azimjon Həsənov bildirib.

O qeyd edib ki, hazırda şirkət Özbəkistanın Çizak şəhərində ildə 50 min avtomobil istehsal edir: “Əsas modellərimiz "Song Plus" və "Chazor"dur. İstehsal prosesi ştamplama, yığma, boyama və qaynaq işlərini əhatə edir”.

A. Həsənovun sözlərinə görə, hələ Azərbaycanda istehsalla bağlı hər hansı əlaqə yaradılmayıb: “Lakin biz Azərbaycan bazarını araşdırırıq. Əgər əməkdaşlıq üçün maraq və tələbat olarsa, şirkət burada da fəaliyyət göstərməyə hazırdır”.

Mənfəət məsələsinə toxunan menecer əlavə edib ki, bu, Azərbaycanda yaradılacaq şəraitdən asılıdır: "Yaxşı şərtlər təmin olunarsa, şirkət əməkdaşlıq imkanlarını qiymətləndirəcək".

BYD avtomobilləri Özbəkistanda istehsal olunur və sonradan dilerlərə verilir, satışı da onlar həyata keçirir.