Bu il Bakıda ticarət dövriyyəsinin həcmi 4 % artıb
- 17 may, 2023
- 10:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 % artaraq 7 milyard 523,2 milyon manat olub.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.
Bildirilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 % artaraq 4 milyard 656,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9 % azalaraq 2 milyard 866,8 milyon manata bərabər olub.
İstehlak məhsullarının 35,1 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,8 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,1 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Qeyd edək ki, bu ilin I rübündə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 16 milyard manat olmaqla 2022-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,7 % artıb.