Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard ABŞ dolları təşkil edib.
“Report”un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu barədə Mərkəzin hazırladığı “İxrac icmalı”nın iyun sayında deyilir.
İcmala əsasən, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 280,6 milyon ABŞ dolları və ya 30,9 % artıb.
2022-ci ilin yanvar-may ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % artaraq 219,2 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49,8 %, pambıq iplik ixracı 23,7 %, pambıq lifi ixracı isə 14,5 % artıb.
Bu ilin may ayı üzrə ixrac 3,6 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,7 % təşkil etməklə 222,4 milyon ABŞ dolları olub.
Bu ilin may ayı ərzində yeyinti məhsulları üzrə ixrac 66,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 24,7 % artaraq 156 milyon ABŞ dolları təşkil edib.