Britaniya Standartları İnstitutu Bakıda master-klass keçirib

Britaniya Standartları İnstitutu Bakıda master-klass keçirib Təlim iştirakçılarına İnstitut tərəfindən sertifikatlar təqdim edilib
Biznes
14 Dekabr , 2016 11:01
Britaniya Standartları İnstitutu Bakıda master-klass keçirib

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) təşkilatçılığı ilə "İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar" adlı master-klass keçirilib.

"Report" bildirir ki, master-klassı Britaniya Standartları İnstitutu (BSİ) standartların inkişafı şöbəsinin müdiri Çarlz Korri və BSİ-nin MDB və Baltikyanı ölkələr üzrə baş direktoru Dmitri Yartsev keçiriblər.

Tədbirdə çıxış edən Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin rəis müavini Sabiq Abdullayev dövlət başçısının qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı qoyduğu vəzifələrin icrası xarici ölkələrlə ticarətdə texniki maneələrin aradan qaldırılmasını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyət idarəetmə sistemlərinin tətbiq edilməsini tələb etdiyini bildirib. Rəis müavini qeyd edib ki, yerli məhsulların xarici bazarlara çıxış imkanlarının artırılması məqsədilə yeni mexanizmlər yaradılıb: "Məhz bu səbəbdən beynəlxalq qurumlarla əməkdaşlıq etmək olduqca vacibdir. Yerli sahibkarlar üçün təşkil olunan bu və bu kimi tədbirlərin əsas məqsədi ölkədə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, yerli sənaye məhsullarının rəqabətqabiliyyətliliyinin artırılmasıdır. Eyni zamanda, beynəlxalq İSO standartlarının tələblərinə cavab verən ixracqabiliyyətli məhsulların istehsalı və milli keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinə dəstəkdir".

Standartlaşdırma, Sertifikatlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev çıxışında bazarın liberallaşması, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin dünya bazarına çıxışının təmin olunması istiqamətində uyğunluğun qiymətləndirilməsi, standartlaşdırma sahələri üzrə fəaliyyətin danılmaz olduğunu vurğulayıb: "Yerli müəssisələrin müasir texnologiyalarla təmin edilməsi, yeni sahibkarlıq subyektlərinin yaradılması, regionların inkişafı dövlət başçısının diqqət mərkəzindədir".

Tədbir zamanı beynəlxalq və milli standartların hazırlanmasının müasir tələbləri, iqtisadiyyat və istehsalatda standartların rolu və üstünlüyü, standartların sinifləri (məhsullar, xidmətlər, sistemlər və s.), idarəetmə sistemləri üçün standartların rolu və digər mövzularda məruzələr dinlənilib.

Sonda təlim iştirakçılarına BSİ tərəfindən İSO:9001-2015 və İSO:14001-2015 standartlarının dəyişiklikləri, həmçinin digər uyğun standartlarda gözlənilən dəyişikliklər və gündəliyə uyğun digər mövzularla tanış olmalarını təsdiq edən sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi