BP Nizami Gəncəvinin xatirəsinə kitab nəşr edib

BP Nizami Gəncəvinin xatirəsinə kitab nəşr edib BP-nin ev sahibliyi etdiyi bu tədbirdə müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri, alimlər, Nizaminin nəhəng ədəbi və fəlsəfi irsinin tədqiqatçıları bir araya gəliblər
Biznes
11 Mart , 2022 17:49
BP Nizami Gəncəvinin xatirəsinə kitab nəşr edib

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib.

“Report”un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, şirkətin ev sahibliyi etdiyi bu tədbirdə müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri, alimlər, Nizami irsinin tədqiqatçıları bir araya gəliblər.

Tədbirdə “Nizami Gəncəvi – Unudulmuş Nəşrlər” adlı sanballı tədqiqat kitabı ictimaiyyətə təqdim edilib. 564 səhifəlik nəfis nəşrdə Azərbaycanın görkəmli şəxsiyyətləri tərəfindən Nizami Gəncəvi haqqında keçmişdə söylənmiş məlum, lakin çox yayılmamış və unudulmuş fikirlər, yazılmış məqalələr və elmi araşdırma mətnləri toplanıb.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Nizami Gəncəvi elə bir dühadır ki, gələcək nəsillər də onun misilsiz poetik və fəlsəfi irsini araşdırmağa davam edəcək. Nizaminin poeziya xəzinəsinin tədqiqinə bizim də kiçik töhfəmizin olmasından çox məmnunuq. Nizami eyni zamanda Şərqin ən böyük mütəfəkkirlərindən biridir və bu kitabda toplanmış yazılardan və mülahizələrdən də görünür ki, onun dərin fəlsəfi irsi həmişə elə şeirləri qədər yüksək tutulub. Azərbaycanın görkəmli dövlət xadimi və şairi Abbasqulu ağa Bakıxanov Nizami haqqında yazısında belə deyib: “Onun böyüklüyünü və fəzilətlərini söyləməkdən dil acizdir”. Bundan da mükəmməl və dəqiq söyləmək mümkün deyil.”

Toplu professor Nəsiman Yaqublu tərəfindən tərtib olunub və nəşrə hazırlanıb.

Layihənin ümumi dəyəri kitabın nəşri ilə birlikdə təxminən 52 000 manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi