“Borjomi”nin işçiləri mineral suyun hər iki qablaşdırma zavoduna girişləri bloklayıb.
“Report”un yerli bürosu xəbər verir ki, etirazçıların əsas tələbi ixtisar edilmiş 50-yə yaxın əməkdaşın ikiaylıq əməkhaqqısının ödənilməsi və onların işə bərpasından ibarətdir.
Aksiyaçılar həmçinin yeni əmək müqavilələrinin bağlanmasını da tələb edirlər.
Əraziyə polis əməkdaşları cəlb olunub. Polisin girişləri bloklamağı dayandırmaq tələbinə baxmayaraq, piketçilər aksiyanı davam etdirir.
“Borjomi”nin əməkdaşları mayın 31-dən tətil elan ediblər. “IDS Borjomi” şirkətinin iki qablaşdırma zavodunda istehsal prosesi aprelin 30-dan maliyyə çətinlikləri səbəbindən müvəqqəti dayandırılıb. Şirkət səhmlərinin bir hissəsini təmənnasız olaraq Gürcüstan hökumətinə təklif edib. Məsələ ilə bağlı danışıqlar davam etdirilir.