Belçika şirkəti Azərbaycan bazarına daxil olmağa hazırlaşır
- 09 iyul, 2024
- 09:49
Belçikanın “Le Pain Quotidien” çörək-restoran şəbəkəsi Azərbaycanda yeni filiallar açmaq üçün “Sinteks Group” ilə master françayzinq müqaviləsi imzalayıb.
“Report” Belçika şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu tərəfdaşlığın nəticəsi kimi ilk olaraq paytaxt Bakıda çörək və restoran xidmətləri layihəsini həyata keçirəcək.
"Bu tərəfdaşlıq brendin bütün gün ərzində fəaliyyət göstərən çörək və restoran konsepsiyasını Azərbaycan bazarına gətirəcək və ilk olaraq paytaxt Bakı şəhərinə diqqət yetirəcək. İlkin mərhələdə Bakıda bir neçə 24 saat fəaliyyət göstərən çörək sexləri və restoranlar açmağı planlaşdırırıq və bununla da "Le Pain Quotidien" təcrübəsini Azərbaycanın canlanan mərkəzinə gətirəcəyik", - məlumatda deyilir.
Şirkət fəaliyyətə başlamaq üçün tarix açıqlamasa da, Azərbaycanda fəaliyyəti “Le Pain Quotidien”in inkişaf strategiyasında mühüm addım kimi qiymətləndirib.
1996-cı ildə yaradılan “Sinteks Group” Azərbaycanın tanınmış pərakəndə satış konqlomeratıdır.
“Le Pain Quotidien” isə ABŞ, Argentina və Belçikada geniş fəaliyyəti olan 200-dən çox ticarət şəbəkəsinə malikdir. Şirkət “catering” xidmətləri üçün ev üsulu xəmir məhsulları, çörək, şorba, salat və veqan seçimləri ilə tanınır.
Şəbəkə son zamanlarda Lüksemburq, Mərakeş və Yunanıstanda nümayəndəliklərini açıb.