Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qeyri-neft ticarət dövriyyəsi son 5 ildə 270 % və ya 3,7 dəfə artaraq 10,2 milyard dirhama (2,777 milyard ABŞ dollara) çatıb.
“Report” "Emirates" İnformasiya Agentliyinə (WAM) istinadən xəbər verir ki, bunu BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Dr.Tani bin Əhməd Əl Zeyoudi deyib.
O bildirib ki, iki ölkə arasında iqtisadi-ticarət əlaqələr davamlı inkişaf edir: “Təkcə ötən il, qeyri-neft ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 46 % artaraq 3,6 milyard dirhama (980 milyon ABŞ dollarına) çatıb. Ticarət dövriyyəsinin 32,6 milyon dirhamı (8,876 milyon ABŞ dolları) idxalın, 351,9 milyon dirhamı (95,8 milyon ABŞ dolları) ixracın, 3,5 milyard dirhamı isə (953 milyon ABŞ dolları) təkrar ixracın (re-export) payına düşüb”.
Əl Zeyoudi bildirib ki, xarici ticarət mübadiləsində əhəmiyyətli artım investisiyaların, əməkdaşlıq və təcrübə mübadiləsinin artması fonunda baş verir: "Azərbaycan Şərqi Avropaya və regionun bir çox bazarlarına açılan qapıdır".
Onun sözlərinə görə, xidmət sektoru, daşınmaz əmlak, ərzaq təhlükəsizliyi və logistika sektoru da daxil olmaqla, BƏƏ və Azərbaycanda sərmayə qoyuluşu üçün yaxşı imkanlar yaradan bir çox sektorlar var: "İki ölkə arasında iqtisadi və ticarət əlaqələri, xüsusi ilə bərpa olunan və ekoloji cəhətdən təmiz enerji sahələrində davamlı inkişaf edir və şaxələnir”.
Dövlət naziri BƏƏ-nin Azərbaycana qeyri-neft ixracı əsasən qeyri-xam neft yağları, tütün məmulatları, avtomatik çiləyici qurğular, təzyiq azaldıcı kranlar və klapanlar, plastik məmulatlar, müxtəlif kimyəvi məhsullar, qızıl, ətir, kağız məmulatları, alüminium, çay və üzvi kimya maddələrindən ibarət olduğunu deyib.
Ən mühüm təkrar ixrac məhsulları isə telefonlar, televizor ekranları, avtomobillər və onların hissələri, nasoslar, ventilyatorlar, kompüterlər, təyyarə hissələri, alüminium təbəqələri, mineral yağlar, şinlər, kağız və əlaqədar məhsullar, əsas idxal edilən məhsullar isə qızıl, zərgərlik məmulatları, bitkilər, tütün məmulatları, mis məftillər, mis məmulatları, qabıqlı meyvələr və s. olub.