BCG: Layihənin bütün mərhələlərində emissiyaların kompleks idarə edilməsi onların ümumi həcmini 30-40 % azalda bilər

BCG: Layihənin bütün mərhələlərində emissiyaların kompleks idarə edilməsi onların ümumi həcmini 30-40 % azalda bilər Azərbaycanda karbonsuzlaşdırmağın maksimum təsirinə nail olmaq üçün planlaşdırma və tikinti mərhələlərində müvafiq strategiyaların həyata keçirilməsi zəruridir.
Biznes
16 Oktyabr , 2024 15:28
BCG: Layihənin bütün mərhələlərində emissiyaların kompleks idarə edilməsi onların ümumi həcmini 30-40 % azalda bilər

Azərbaycanda karbonsuzlaşdırmağın maksimum təsirinə nail olmaq üçün planlaşdırma və tikinti mərhələlərində müvafiq strategiyaların həyata keçirilməsi zəruridir.

“Report” xəbər verir ki, bu barədə "Boston Consulting Group" (BCG) şirkəti məlumat yayıb.

BCG qeyd edir ki, Azərbaycan energetika, mənzil tikintisi və digər sektorlarda çoxsaylı iri layihələr həyata keçirir və eyni zamanda dekarbonizasiya strategiyalarını tətbiq edir: "Bu layihələr həm ölkənin iqtisadi inkişaf, həm də karbon emissiyalarının azaldılması məqsədlərinə nail olmağa kömək edir. BCG-nin araşdırmaları göstərib ki, dekarbonizasiya səylərinin təsirini maksimuma çatdırmaq üçün bu strategiyaları artıq planlaşdırma və tikinti mərhələsində inteqrasiya etmək son dərəcə vacibdir. Bu kontekstdə sıfırdan hazırlanan layihələr xüsusilə əlverişli imkanlar təqdim edir".

BCG-nin idarəedici direktoru və tərəfdaşı Vladimir Roqov bu baxımdan iki əsas aspekti qeyd edir: “Birincisi, Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmağı öhdəsinə götürüb ki, bu da qlobal iqlim məqsədlərinə uyğundur. İkincisi, hazırda dekarbonizasiya təcrübələrinin həyata keçirilməsində çatışmazlıqlar gələcəkdə karbon izinin artmasına, eləcə də ciddi sanksiyalara səbəb ola və layihələrin rəqabət qabiliyyətini zəiflədə bilər”.

Eyni zamanda, BCG hesab edir ki, inkişaf edən “yaşıl texnologiya”lar yaxın illərdə qiymət baxımından daha rəqabətqabiliyyətli olacaq ki, bu da xərcləri daha da azaldacaq.

Şirkətin meqalayihələrin dekarbonizasiyası ilə bağlı araşdırmaları göstərir ki, əhəmiyyətli nəticələr əldə etmək üçün bir neçə əsas strategiyadan istifadə etmək olar.

Birincisi, “yaşıl texnologiya”ların erkən tətbiqi son dərəcə vacibdir: BCG-nin araşdırması göstərib ki, layihənin həyat dövrü ərzində emissiyaların təxminən 48 %-i əvvəldən tullantıların azaldılması üçün sınaqdan keçirilmiş texnologiyaların və layihə həllərinin inteqrasiyası hesabına minimal əlavə xərclərlə azaldıla bilər. Bu, erkən tətbiqi iqtisadi cəhətdən sərfəli və səmərəli edir.

İkincisi, yeni “yaşıl texnologiya”ların tətbiqi emissiyaları daha 22 % azalda bilər. Buraya, proqnozlara görə, növbəti beş-yeddi il ərzində dəyər baxımından 20-30 % daha rəqabətqabiliyyətli olacaq qabaqcıl karbon tutma və saxlama texnologiyaları daxildir. Bu innovasiyaların planlaşdırılması gələcək xərclərin azalmasından faydalanmağa imkan verir.

Üçüncüsü, layihənin bütün həyat dövrü mərhələlərində emissiyaların kompleks idarə edilməsi onların ümumi həcmini 30-40 % azalda bilər. Eyni zamanda, ətraf mühitə təsir hər bir mərhələdə minimuma endiriləcək.

Həmçinin normativ tələblərə və bazar tələblərinə uyğunluğu təmin etmək lazımdır.

Qeyd edilib ki, Azərbaycanda planlaşdırılan layihələrin miqyasını nəzərə alaraq, davamlı inkişaf strategiyalarının erkən inteqrasiyası maksimum dəyər yaratmağa kömək edəcək.

Son xəbərlər

Orphus sistemi