Bakıda ticarət dövriyyəsinin ümumi dəyəri 5 % artıb
- 10 noyabr, 2022
- 05:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin ümumi dəyər ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % artaraq 20 milyard 274,7 milyon manat olub.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, son 1 ildə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içki və tütün məmulatlarının dəyəri 15,7 % artaraq 12 milyard 328,7 milyon manat, qeyri-ərzaq məhsullarının dəyəri isə 8,7 % azalaraq 7 milyard 946,1 milyon manat olub.
İstehlak məhsullarının 35,6 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 46 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 553,1 milyon manatlıq, o cümlədən 20 milyard 014,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 539 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 %, qeyri-ərzaq malları üzrə 3,6 % artıb.