Bakıda ticarət dövriyyəsi 5 % artıb

Biznes
  • 29 mart, 2023
  • 13:31
Bakıda ticarət dövriyyəsi 5 % artıb

Bu ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % artaraq 4 milyard 811 milyon manat olub.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Son 1 ildə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 6,2 % artaraq 2 milyard 556,9 milyon manat, qeyri-ərzaq məhsullarının dəyəri isə 3,7 % artaraq 2 milyard 254,1 milyon manat olub.

İstehlak məhsullarının 33,4 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 47,9 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,7 %-i isə paytaxtın bazar və yarmarkalarında satılıb.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,2 milyard manatlıq, o cümlədən 4,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 %, qeyri-ərzaq malları üzrə 3,5 % artıb.