Bakıda kirayə qiymətləri artır

Biznes
  • 06 mart, 2024
  • 10:37
Bakıda kirayə qiymətləri artır

Bakının kirayə mənzil bazarında qiymətlər artmaqdadır.

Bunu “Report”a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"nin (AQC) sədri Vüqar Oruc bildirib.

"Hazırda bazarda durğunluq hiss olunur, amma bu, qiymətlərə təsir göstərmir. Kirayə bahalaşmaqdadır. Qiymətləri ən çox artan isə yeni tikili binalardakı birotaqlı mənzillərdir. Bunların çoxu ikiotaqlıya düzəldilib və onlara tələbat olduqca böyükdür”, - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, hazırda Bakının kirayə mənzil bazarında sahə və qiymət arasında disbalans var: “Məsələn, 100 kvadratmetrlik 2 və yaxud 3 otaqlı mənzil 700 manata kirayəyə verilirsə, eyni sahəli bir otaqdan iki otağa düzəldilmiş mənzil 600 manata təklif olunur. Sahəyə görə hesablasaq, çox ciddi disbalans var. Yəni birotaqlı mənzilin bir kvadratmetri 10 manata təklif olunursa, ikiotaqlı və daha artıq otaqlı mənzillərin bir kvadratmetri təqribən 6-7 manata təklif edilir".

V.Oruc bildirib ki, satış bazarında olduğu kimi kirayə bazarında da qiymət artımına meyillilik var və mövsümi hadisələr baş verəndə qiymətlər avtomatik olaraq artır: “Proqnoz olaraq demək olar ki, hər hansı ucuzlaşmadan söhbət gedə bilməz. Bundan sonra həm satış, həm də kirayə mənzil bazarında qiymət azalması mümkün deyil. Təbii ki, əgər hər hansı bir fors-major hadisə baş verməzsə”.

AQC-nin sədri bəzi ekspertlərin bazarda mənzillərin qiymətlərinin aşağı düşməsi ilə bağlı şərhlərinə də münasibət bildirib: “Bəzi ekspertlər fikirləşirlər ki, bazarda durğunluq qiymətlərin enməsinə səbəb ola bilər. Bu, heç də belə deyil. Biz bazarı müşahidə edəndə görürük ki, qiymətlər stabil qalır. Tutaq ki, 4 il əvvəl birotaqlı mənzillərin kirayə qiyməti 350-400 manat idisə, indi ortalama 600-650 manat civarında dəyişir. Bu da böyük bir qiymət artımıdır. Bu baxımdan hesab edirəm ki, qiymət stabilliyini biz hələ ki, ilin yay aylarına qədər müşahidə edəcəyik. Daha sonra mövsümi xarakter daşıyan bahalaşma müşahidə olunacaq. Əmlak bazarında qiymətlər artırsa, yenidən əvvəlki qiymətlərə qayıtmaq çətinləşir. Bu baxımdan ümumi tendensiyanı artım tendensiyası kimi qələmə vermək olar”.

44 filmi