Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) “HR Forumu layihəsinin” İşçi qrupunun iclası keçirilib.
“Report”un ABA-ya istinadən verdiyi xəbərə görə, iclasda HR Konfransının mövzuları, spikerlərin seçilməsi, onlarla danışıqların aparılması, konfransın keçiriləcəyi yer, dəvətlilərin siyahısı və s. kimi məsələlər müzakirə olunub.
Müzakirələr nəticəsində konfransın mayın 4-də keçirilməsi müəyyənləşdirilib. Həmçinin iclasın adının seçilməsi, mövzuların son olaraq dəqiqləşdirilməsi, spikerlərin müəyyən edilməsi üçün ABA-ya təkliflərin ünvanlanması qərara alınıb.
Xatırladaq ki, konfransda digital HR, SMART hədəflərin müəyyən olunması, işçilərin iş yükünün hesablanması, succession planning və s. mövzular müzakirə olunacaq.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.