Bakı. 19 fevral. REPORT.AZ/ Martın 13-16-da Bakıda “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sərginin təşkilatçısı Hindistanın PHD Ticarət və Sənaye Palatasıdır.
Sərgidə Hindistandan düyü, buğda məmulatları, plastik materiallar, elektron məişət avadanlıqları, çay, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları, velosiped və velosiped hissələri istehsalçıları və digər müxtəlif sektorları təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaq.
Sərgi Hindistanın Ticarət və Sənaye Nazirliyi (Ministry of Commerce and Industry, Government of India), Hindistanın Azərbaycandakı səfirliyi (India in Azerbaijan (Embassy of India, Baku) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Amay ticarət mərkəzində baş tutacaq.
1905-ci ildə yaradılan PHD (Progress Harmony for Development- İnkişaf üçün Tərəqqi Harmoniyası) Ticarət və Sənaye Palatası (PHD Chamber Of Commerce and Industry) 48,000 sahibkarlar subyektini özündə birləşdirən Hindistanın ən qədim və böyük ticarət palatalarından biri hesab olunur.