Bakıda beynəlxalq investisiya forumu keçirilir - FOTO
- 08 dekabr, 2016
- 07:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycanda İnvestisiyalara dair Beynəlxalq Forum işə başlayıb.
"Report"un məlumatına görə, konfransı giriş sözü ilə açan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, İslam ölkələri uzun illərdir Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyini daim dəstəkləyir: "Bu tədbir böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanın İslam İnkişaf Bankı (IDB) və İslam ölkələri ilə gözəl münasibəti var. İslam dünyasının ayrılmaz bir hissəsi olan Azərbaycan hazırda İslam ölkələri ilə yüksək səviyyədə əməkdaşlıq edir. Azərbaycan uzun illərdir IDB ilə sıx əməkdaşlıq edir. Bank tərəfindən Azərbaycana iqtisadiyyatın müxtəlif sahələri üzrə 18 layihə çərçivəsində 1 mlrd. ABŞ dollarına yaxın vəsait ayrılıb. Bu layihələin 14-ü başa çatıb, 4-ü isə davam edir".
Nazir vurğulayıb ki, Azərbaycanın Özəl Sektorun İnkişafı İslam Korporasiyası (ICD) ilə də sıx əməkdaşlığı var: "Belə ki, ICD tərəfindən indiyədək ölkəmizə kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı 14 layihə üzrə 130 mln. dollar məbləğində investisiya yatırılıb. Azərbaycanın 150-dən çox ölkə ilə ticarət əlaqələri mövcuddur. İnvestisiya yatırılması üçün Azərbaycanda bütün imkanlar var. Azərbaycan neft hasilatçısı olduğundan, son illər dünya bazarında neftin ucuzlaşması, iqtisadi böhran ölkəyə mənfi təsirini göstərib".
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycanda 26 aqropark yaradılır: "Sahibkarlar bu aqroparklarda da əməkdaşlıq edə bilər. Eyni zamanda, ölkədə tikilməkdə olan və artıq fəaliyyətə başlayan sənaye parkları var. Xarici investorlar bu sənaye parklarının rezidentləri sırasına qoşula bilər. Hazırda sənaye parklarında 8 zavodun inşası davam edir. Eyni zamanda, ölkədə yaradılan texnoparkların geniş imkanları mövcuddur".
Qeyd edək ki, beynəlxalq forumda 24 ölkədən 200-ə yaxın sahibkar iştirak edir.