Maliyyə Nazirliyinin tabeliyindəki "Bakı Konqres Mərkəzi" MMC "Görüşlər Ulduzu 2020" ("Meetings Star Award") mükafatının Yeni Avropada Ən Yaxşı Konqres Mərkəzləri nominasiyası üzrə qalib olub.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, Hər il tədbirlər sənayəsinin ən öndəgedən nümayəndələrini bir araya gətirən "Conventa" layihəsi çərçivəsində "Kongres" jurnalının ("Kongres Magazine") keyfiyyət qiymətləndirmə sisteminə əsasən (tədbir məkanı, davamlılıq, akustika və səs sistemləri, kommunikasiya, müştəri xidmətləri və s.) şirkət və qurumlar müxtəlif nominasiyalar üzrə qiymətləndirilirlər.
"Bakı Konqres Mərkəzi"nin tədbirlər sənayesində göstərdiyi davamlı inkişaf nəticəsində Mərkəz 2019-cu ildə də eyni nominasiya üzrə qalib seçilib.
Xatırladaq ki, "Bakı Konqres Mərkəzi" 2015-ci ildə istifadəyə verilib, müasir beynəlxalq tədbirlər mərkəzidir. Burada keçirilmiş ilk beynəlxalq tədbir 2-5 may 2015-ci ildə baş tutmuş Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı olub.