Azərbaycanla Rusiya arasında idxal-ixrac əməliyyatlarının artırılması məqsədilə mal nomenklaturasının genişləndirilməsi üçün siyahı tərtib edilməlidir.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Sankt-Peterburq və Azərbaycan əməkdaşlıq üfüqlərini genişləndirir" mövzusunda biznes forumda bildirib.
"İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün potensial var, iqtisadi əlaqələrin təşviqi üçün iş aparılır. Bu istiqamətdə biz Kazanda, Yekaterinburqda keçirilən sərgilərdə iştirak etməyi planlaşdırırıq", - deyə o qeyd edib.
AZPROMO rəsmisi həmçinin deyib ki, biznes forumda iştirak etmək üçün ölkəyə gəlmiş Rusiya nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına və sənaye parklarına səfəri təşkil ediləcək.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanla Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 2022-ci illə müqayisədə 17 % artaraq 4,5 milyard ABŞ dollarına yaxın olub.
Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi-ticarət sahəsində mühüm əlaqələr qurub.