“Azexport” yenidən Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

Biznes
  • 17 iyun, 2025
  • 16:35
“Azexport” yenidən Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı yenidən Azərbaycanda istehsal olunan spirtli içkilərin Bolqarıstana ixracı üçün sərbəst satış sertifikatları təqdim edib.

"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.

Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, sərbəst satış sertifikatı Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixrac potensialının artırılmasına, xüsusilə Avropa bazarlarında yerli məhsulların mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verir: “Bu sertifikat təkcə hüquqi sənəd deyil, həm də 'Made in Azerbaijan' brendinin keyfiyyət göstəricisidir. Bolqarıstan kimi Avropa ölkələrinə ixrac üçün tələb olunan texniki və sanitar-epidemioloji tələblərə uyğunluğu təsdiqləyən bu sənəd yerli istehsalçıların beynəlxalq bazarlara daha sürətli və rəqabətədavamlı şəkildə çıxmasına şərait yaradır.”

A. Qədəşov əlavə edib ki, “Azexport” portalı sahibkarlara xidmətlər göstərməklə yanaşı, onların məhsullarının yeni bazarlara çıxışına dair strateji dəstək də verir.

Sərbəst satış sertifikatı ölkə Prezidentinin 12 sentyabr 2017-ci il tarixli fərmanına uyğun olaraq təqdim edilib. Sertifikat ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Ümumilikdə, 2018-ci ilin aprel ayından 2025-ci ilin iyun ayına kimi 761 adda məhsula sərbəst satış sertifikatı verilib. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracda çətinlik yaranan 100-dən artıq Amerika qitəsi, Asiya, Okeaniya, Avropa və Körfəz ölkələrinə ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar “www.azexport.az” portalı vasitəsilə müraciət edə bilərlər.

Son xəbərlər

Bütün Xəbər Lenti