Bu ilin yanvar-fevral aylarında Azexport portalına 89,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.
Sənədə əsasən, bunun 35,3 milyon dollarlıq hissəsi fevral ayının payına düşüb. Ötən ay ən çox ixrac sifarişi tütün, şəkər tozu, fındıq ləpəsi, günəbaxan yağı, biyan kökü, çay, şərab, toyuq yumurtası, meyvə şirəsi, kosmetik vasitə, mühərrik yağı, qənnadı məhsulu, pambıq, toyuq əti, zəfəran, sarımsaq və s. mallara daxil olub.
Ümumilikdə 2017-ci ilin yanvar ayından 2021-ci ilin 28 fevral tarixinə kimi (50 ay ərzində) Azexport portalına 143 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 2 285 milyon dollar təşkil edib.
Bundan başqa, bu ay “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 18,4 milyon ABŞ dolları olub. 2017-ci ildən 2021-ci ilin mart ayına qədər isə Mərkəz vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 520,6 milyon ABŞ dolları təşkil edib.