İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Özbəkistanda təqdim edilib.
"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.
Məlumata görə, portalın rəhbəri Ayxan Qədəşov Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar nazirinin müavini Sərvərxan Buzrukxanovla görüş keçirib. Görüşdə iki ölkə liderlərinin yüksək səviyyəli səfərləri nəticəsində ali təhsil sahəsində qarşılıqlı əlaqələrin növbəti mərhələyə qədəm qoyduğu vurğulanıb, uzunmüddətli sosial-iqtisadi əməkdaşlığın perspektivləri və prioritetlərinin öyrənilməsi və təhlili məsələləri, dövlətlərarası elmi ekspertlər şurasının formalaşdırılması müzakirə edilib.
A.Qədəşov həmçinin Özbəkistanın Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüşüb. O, portalın yaratdığı Azərbaycanın və regionun ilk virtual sərgi və konfrans məkanı barədə təqdimat edib, layihənin icrası və platformanın iş prosesi ilə bağlı məlumat verib. Görüşdə portalın elektron sərgi salonuna Özbəkistan istehsalçılarının məhsullarının əlavə edilməsi, elektron stendin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Danışıqlar nəticəsində müştərək müəssisələrin yaradılması, iki qurum arasında əməkdaşlığın artırılması ilə bağlı razılıq əldə olunub.