İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operator olduğu “Azexport" portalı Azərbaycan istehsalı olan 10 adda meyvə şirəsinin və spirtsiz içkilərin "Made in Azerbaijan" brendi altında İndoneziyaya ixracı üçün sərbəst satış sertifikatları təqdim edib.
Bu barədə "Report"a Mərkəzdən bildirilib.
Məlumata görə, ümumilikdə 2018-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayına kimi 684 adda məhsula Sərbəst Satış Sertifikatı təqdim olunub. Sertifikatlar bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan və digər Cənub–Şərqi Asiya, Cənubi Amerika, Afrika, Qərbi Avropa, Okeaniya və Ərəb ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsullarının çıxışı asanlaşdırıb.
Sərbəst Satış Sertifikatı ölkə Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq fərmanına uyğun olaraq təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir. Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az platformasına onlayn olaraq müraciət edə bilərlər.