İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı ABŞ-ın Nyu York şəhərində yerləşən “Euphoria INC” şirkəti ilə əməkdaşlığa başlayıb.
“Report” Mərkəzə istinadən xəbər verir ki, bununla bağlı prortalın rəhbəri Ayxan Qədəşov ABŞ-a səfəri çərçivəsində “Euphoria INC”nin prezidenti Lera Itz ilə görüşdə razılıq əldə edib.
O, "Azexport"un imkanları və nailiyyətləri barədə məlumat verib, portalda qeydiyyatda olan Azərbaycan məhsullarının onlayn nümayişini həyata keçirib, şirkətin məhsul anbarı ilə tanış olub.
"Azərbaycanın yerli istehsal məhsullarının Amerika bazarlarında öz yerini daha da möhkəmləndirməsi üçün bütün imkanlar mövcuddur. Müşahidələrim onu göstərir ki, məhsullarımız qablaşdırma və keyfiyyət baxımdan bazarda olan məhsullarla rəqabət aparma imkanına malikdir. Hazırda mövcud geosiyasi vəziyyəti də nəzərə alsaq Azərbaycan mallarının kiçik uyğunlaşdırmalar aparmaqla bazara daxil olması üçün geniş imkanlar mövcuddur. Bu gün baş tutan görüş də hər iki tərəf üçün çox məhsuldar keçdi. Görüşün nəticəsi olaraq ilkin mərhələdə çay, qənnadı məhsulları, alkoqolsuz içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar və kosmetik vasitələrin birgə əməkdaşlığ çərçivəsində ABŞ-a ixracına dair işlərin başlanmasına dair razılığa gəldik", - A.Qədəşov qeyd edib.
“Euphoria INC” 15 ildən çoxdur ABŞ-ın 10-dan artıq ştatında təmsil olunur. Şirkət 15-dən artıq ölkədən qənnadı məhsulları, konservləşdirilmiş qidalar, meyvə şirələri, balıq məhsulları, çay və şəxsi gigiyena məhsullarının ABŞ-a idxalı ilə məşğuldur.