“Azərşəkər”lə “Agrami” və “Mzuri Poland” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb.
“Report” xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan aqroparklardan -“Azərşəkər” MMC, “Agro Dairy” MMC və “Grand-Agro Invitro” MMC şirkətləri Bakı Ekspo Mərkəzində keçirilən 15-ci Yubiley "Caspian Agro" kənd təsərrüfatı sərgisində öz stendləri ilə təmsil olunublar.
Sərgi çərçivəsində “Azərşəkər” MMC ilə Polşanın “Agrami” və “Mzuri Poland” şirkətləri arasında ölkəmizdə kənd təsərrüfatının inkişafı və əkinçilikdə müasir texnologiyaların tətbiqi ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.
Xatırladaq ki, Bakıda 18-20 may tarixlərində Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” sərgiləri keçirilib. Sərgilərdə 24 ölkədən 449 şirkət iştirak edir. O cümlədən "Caspian Agro" sərgisinə 19 ölkədən (Azərbaycan, ABŞ, Almaniya, Belarus, Belçika, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Rusiya, Slovakiya, Türkiyə, Yaponiya, Yunanıstan) 294 şirkət, “InterFood Azerbaijan” sərgisinə isə 12 ölkədən (Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Hindistan, İran, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə) 155 şirkət qatılıb.