Tbilisi. 31 yanvar. REPORT.AZ/ “Azərbaycandan Gürcüstana gələn avtomobil alıcılarının sayı son illər kəskin şəkildə azalıb. Azərbaycanlı alıcıların əksəriyyəti də təzə, “Avro 4” standartlarına cavab verən avtomobillərə üstünlük verirlər. Bu da çox azdır”.
Bunu “Report”un Gürcüstan bürosunun əməkdaşına açıqlamasında Gürcüstanın Rustavi şəhərinin yaxınlığındakı avtomobil satışı bazarının meneceri Rolavid Soroznişvili deyib.
Onun sözlərinə görə, azərbaycanlılar son ildə 300-350 min dollar məbləğində avtomobil alıblar. Amma bura Batumi və Poti limanlarından alınmış və xaricdən birbaşa gətirilmiş avtomobillər daxil deyil.
Menecer bildirib ki, azərbaycanlı alıcılar əsasən 2012, 2013, 2014, 2015 və 2016-cı illərdə istehsal olunan avtomobillərə üstünlük verirlər. Bəziləri 2006-cı ildən sonra Almaniyada istehsal olunan “Mercedes-Benz”, "Opel", BMW, "Volkswagen" avtomobillərini alırlar.
Menecer deyib ki, azərbaycanlı alıcılarının sayının azalmasının səbəbi Azərbaycanda “Avro 4” standartlarının tətbiqi, gömrük rüsumlarının artırılması, eləcə də Gürcüstan bazarında satılan bəzi avtomobillərin lazım olan standartlara cavab verməməsidir: "Belə ki, bəzi işbazların ABŞ, Rusiya, Almaniya, Yaponiya və digər ölkələrdən gətirdikləri avtomobillər həddən artıq keyfiyyətsiz olur. Bəzi işbazlar bir vaxtlar şor sularda batmış və yaxud da bir neçə avtomobilin hissələrindən yığılmış avtomobilləri təzə və ya ikinci əl avtomobili kimi təqdim edirlər. Bazar rəhbərliyinin işə ciddi müdaxiləsindən sonra maşınlar kompüterlə yoxlanılır. Lakin yenə də, bəzi mənfi halların qarşısını almaq olmur. Kompüterlə yalnız avtomobillərin oğurluq və axtarışda olub-olmaması, kreditlə alınmadığı müəyyən olunur. Alıcılar indi xüsusi aparatların köməyi ilə yenidən rənglənməni də müəyyən edə bilirlər".
R.Soroznişvilinin sözlərinə görə, bu gün bazarın əsas alıcıları Türkiyə, Ukrayna, Qazaxıstan və Ermənistan vətəndaşlarıdır. Ən ucuz maşınları Ermənistandan gələnlər alırlar: "Onlar əsasən, 2000-ci ilə qədər istehsal olunan, üçüncü, dördüncü əl avtomobilləri alırlar".
Bazarda işləyənlər bildiriblər ki, xarici ölkə vətəndaşları Gürcüstanda aldıqları avtomobili 10 gün müddətinə bu ölkədə qeydiyyata salmalı, ya da öz ölkəsinə aparmalıdır. Alıcı avtomobili alarkən mühərrikin gücünə görə, 110-165 GEL ödəyir.
Tranzit nömrə alanlar isə 45 gün Gürcüstanda qala bilərlər.





