"Bu gün Azərbaycanla Slovakiya arasında keçirilən biznes forum səmərəli platformadır".
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, KOBİA olaraq bu kimi təşəbbüsləri daim dəstəkləməyə hazırıq: "Eyni zamanda, sahibkarlığın dəstəklənməsi sahəsində Slovakiyanın fəaliyyət göstərən müvafiq qurumları, eləcə də Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı Agentliyi ilə birgə təşəbbüslərin həyata keçirilməsinə hazırıq".
O.Məmmədov bildirib ki, biznes dairələri arasında əlaqələrin qurulması prioritet olmalıdır: "Slovakiyanın biznes nümayəndələrinin iştirakı ilə birgə müəssisələrin yaradılmasına, birgə layihələrin həyata keçirilməsinə ümid edirik".
O vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə investisiya layihələrinin, o cümlədən xarici investisiya layihələrinin həyata keçirilməsi xüsusi önəm daşıyır: "Qarabağ ərazisində turizm, kənd təsərrüfatı mallarının emalı sahəsində böyük potensial var. Birgə layihələr həyata keçirmək üçün aidiyyəti qurumlarla əlaqələndirmə və uyğun yerli tərəfdaşların təyin edilməsi də daxil olmaqla bütün addımlarda lazımi dəstəyin təmin edilməsi KOBİA tərəfindən həyata keçirilə bilər".
Slovakiyadan Azərbaycana gələn nümayəndə heyətinin rəhbəri Natalia Barinkova bildirib ki, biznes forumda Slovakiyadan olan 12 şirkət iştirak edir:
"Bəzi şirkətlər Azərbaycanda fəaldılar, bəziləri də əməkdaşlıqlarını dərinləşdirmək istəyir. Azərbaycanda investisiya baxımından energetika, ətrafl mühit, qida, səhiyyə sahələrində geniş potensial görürük".