“Azərbaycanla İsveç tekstil incəsənəti sahəsində böyük irsə sahibdir. Bu səbəbdən hesab edirəm ki, gələcək əməkdaşlıq üçün imkanlar var”.
Bunu “Report”a İsveçin Azərbaycandakı səfiri Kristian Kamill bildirib.
O deyib ki, lakin bu sahədə əməkdaşlıq üçün maraq, təşəbbüs, şirkətlərdən gəlməlidir: “Yəni, bu sahənin nümayəndələri bir-biriləri ilə özləri əməkdaşlıq qurmağa qarşılıqlı maraq göstərməlidirlər”.
Səfir Azərbaycanın xalçaçılıq sənətinə toxunub: “Azərbaycana gələn hər bir əcnəbi qonaq Azərbaycan xalçalarının naxışlarına heyran olurlar. Ümid edirəm ki, “Azərxalça”nın yeni rəhbərliyi vasitəsilə xalçaçılıq sənətinin nümunələri daha geniş məkanda-Skandinaviya ölkələrində sərgilənər”.
Xatırladaq ki, Azərbaycanla İsveç arasında ticarət dövriyyəsi bu ilin beş ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 11, 7 % azalaraq 9,995 mln ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsində Azərbaycanın ixracı 615 min ABŞ dolları, İsveçin Azərbaycana idxal isə 9, 340 mln ABŞ dolları təşkil edib.