Azərbaycanın qeyri-neft ixracı 16% artıb

Azərbaycanın qeyri-neft ixracı 16% artıb Bu ilin I rübündə Azərbaycanın ixracının dəyəri 4,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 501,5 milyon dollar təşkil edib
Biznes
29 Aprel , 2021 10:26
Azərbaycanın qeyri-neft ixracı 16% artıb

Bu ilin I rübündə Azərbaycanın ixracının dəyəri 4,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 501,5 milyon dollar təşkil edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru ixrac 70,6 milyon ABŞ dolları və yaxud 16,4% artıb, sektorun ümumi ixracındakı payı isə 2 faiz bəndi artaraq 12,1% olub. Bu dövrdə qeyri-neft ixracı üzrə 393 mal mövqeyi müəyyənləşdirilib ki, bu da diversifikasiya nöqteyi nəzərdən Cənubi Qafqaz ölkələri üzrə ən yüksək göstəricidir.

Rüb ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci olub. Bu siyahıda qızıl ikinci, xurma isə üçüncü yerdə qərarlaşıb.

Hesabat dövründə Türkiyəyə 163,1 milyon, Rusiyaya 129,8 milyon, İsveçrəyə 44,7 milyon, Gürcüstana 38 milyon və ABŞ 18,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 170 milyon ABŞ dolları təşkil edib. 2021-cu ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (56,2 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda Rusiya ikinci (44,3 milyon ABŞ dolları) və Gürcüstan üçüncü ( 9,7 milyon ABŞ dolları) olub.

2021-ci ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (31,4 milyon ABŞ dolları) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (13,7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (9,7 milyon ABŞ dolları) üçüncü olub.

2021-ci ilin birinci rübü ərzində meyvə-tərəvəz ixracı 97,2 milyon, pambıq lifi ixracı 69 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 42,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,2 milyon, pambıq ipliyi ixracı 10,3 milyon, kimya sənayesi məhsullarının ixracı 9 milyon, şəkər ixracı 9 milyon, heyvan mənşəli piylər və yağlar ixracı 8,4 milyon, spirtli və spirtsiz içkilərin ixracı 3,4 milyon, bitki və çay ixracı 2 milyon ABŞ dolları təşkil edib. Qeyd edilən mal və məhsullar qeyri-neft ixracının 45%-i təşkil edir. Bu göstərici qeyri-neft ixracının artımı fonunda mal və məhsulların ötən illərlə müqayisədə daha çox diversifikasiya olunmasını özündə ehtiva edir.

Son xəbərlər

Orphus sistemi