Azərbaycanın Gürcüstandan avtomobil tədarükünə çəkdiyi xərci 48 % artıb
- 19 oktyabr, 2023
- 11:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 328,7 milyon ABŞ dolları dəyərində 18 min 299 ədəd avtomobil ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 48 % çoxdur, kəmiyyət olaraq – 19 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1,566 milyard ABŞ dolları dəyərində 79 min 316 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 2,6 dəfə və 36 % çoxdur. O cümlədən, Gürcüstandan Qırğızıstana 428 milyon ABŞ dolları dəyərində 11 min 122 ədəd, Qazaxıstana 415 milyon ABŞ dolları dəyərində 26 min 586 ədəd, Ermənistana 240 milyon ABŞ dolları dəyərində 13 min 265 ədəd, Rusiyaya 67 milyon ABŞ dolları dəyərində 4 min 951 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 906 milyon ABŞ dolları dəyərində 79 min 887 ədəd avtomobil ixrac edib ki, bunun da 309 milyon ABŞ dolları dəyərində 30 min 452 ədədi Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan avtomobil tədarükünə çəkdiyi xərci 25 % artıb, onun miqdarı isə 22 % azalıb.