Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ixracının dəyəri 22,6 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru ixracının dəyəri 1,7 milyard ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın avqust sayında bildirilir.
Hesabata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 % çoxdur.
7 ay ərzində meyvə-tərəvəz məhsullarının ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % artaraq 376,9 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 3,6 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 99%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28,1 %, pambıq lifi ixracı 5,4 %, pambıq iplik ixracı isə 57,2 % artıb.
Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (140,3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (134,1 milyon ABŞ dolları) ikinci, karbamid (121,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2022-ci ilin yanvar-iyul ayları ərzində Rusiyaya 462,2 milyon ABŞ dolları, Türkiyəyə 462,2 milyon ABŞ dolları, Gürcüstana 107,6 milyon ABŞ dolları, İsveçrəyə 101 milyon ABŞ dolları, ABŞ-a isə 59,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin iyul ayı üzrə ixrac 4,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 17,8 % təşkil etməklə 224,6 milyon ABŞ dolları olub. 2022-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac 43,7 % artaraq 61,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 9,5 % artaraq 162,9 milyon ABŞ dolları təşkil edib.
Bu ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (80,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (33,8 milyon ABŞ dolları) ikinci və İsveçrə (19,4 milyon ABŞ dolları) üçüncü olub.
2022-ci ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (23,1 milyon ABŞ dolları) birinci, ilkin formalı polipropilen (16 milyon ABŞ dolları) ikinci və şaftalı meyvəsi (14,8 milyon ABŞ dolları) üçüncü olub.