Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 6,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 697 milyon ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.
Sənədə əsasən, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 146 milyon ABŞ dolları və ya 26,5 % artıb.
Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (96,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl ikinci (64,6 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (42,3 milyon ABŞ dolları) yerdə qərarlaşıb. Statistikaya əsasən, digər mallar müvafiq olaraq, ilkin formalı polipropilen (37,1 milyon ABŞ dolları), qabığı təmizlənmiş meşə fındığı (34,7 milyon ABŞ dolları), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (33,6 milyon ABŞ dolları), xurma (31,9 milyon ABŞ dolları), elektrik enerjisi (23,2 milyon ABŞ dolları) və s. təşkil edir.
2021-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 216,2 milyon, Rusiyaya 188,5 milyon, İsveçrəyə 68,2 milyon, Gürcüstana 53,5 milyon və ABŞ 23 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2021-ci ilin aprel ayı Azərbaycanın ümumi ixracı 3,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 195,4 milyon ABŞ dolları təşkil edib. 2021-cu ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (58,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (53,2 milyon ABŞ dolları) və İsveçrə üçüncü (23,3 milyon ABŞ dolları) olub.
2021-ci ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (27,8 milyon ABŞ dolları) birinci, qızıl (21,2 milyon ABŞ dolları) ikinci və pomidor (21 milyon ABŞ dolları) üçüncü olub.
2021-ci ilin yanvar-aprel ərzində meyvə-tərəvəz ixracı 131,5 milyon, pambıq lifi ixracı 97 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 53 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 31,4 milyon, pambıq ipliyi ixracı 15,2 milyon, kimya sənayesi məhsullarının ixracı 13,1 milyon, şəkər ixracı 13,3 milyon, bitki heyvan mənşəli piylər və yağlar ixracı 11,2 milyon, spirtli və spirtsiz içkilərin ixracı 5,1 milyon və çay ixracı 3 milyon ABŞ dolları təşkil edib.