Azərbaycanda zərgərlik məhsulları ilə bağlı yeni dövlət standartları qəbul edilib
- 19 aprel, 2023
- 13:13
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 930:2023 (ГОСТ 28595-2015) “Gümüş külçə. Texniki şərtlər”, AZS ISO 8653:2023 “Zərgərlik məmulatları — Üzük ölçüləri — Anlayışlar, ölçülər və adı” dövlət standartlarını qəbul edib.
Bu barədə "Report" AZSTAND-a istinadən xəbər verir.
AZS 930:2023 (ГОСТ 28595-2015) “Gümüş külçə. Texniki şərtlər” dövlət standartı ölkənin ehtiyacları və ixrac üçün nəzərdə tutulan saflaşdırılmış gümüş külçələrə şamil edilir.
AZS ISO 8653:2023 “Zərgərlik məmulatları — Üzük ölçüləri — Anlayışlar, ölçülər və adı” dövlət standartı isə ölkədən ixrac edilən və istehsal edilən üzüklərin vahid üzük ölçülərini müəyyən edir.
Yeni standartları “AzerGold” QSC hazırlayıb, “Qiymətli metallar və qiymətli daşlar”ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 36) müzakirəyə çıxarılıb və İnstitut onları təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.