Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 11 515 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 % çoxdur.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,3 %-i elektron qaydada, 28,7 %-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2 120-nin (ümumi qeydiyyatın 18,4 %-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 94,6 % təşkil edib.
9 ay ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 362 yerli investisiyalı MMC qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,8 %, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 15,7 % təşkil edib.
Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,4 %-i "Asan imza" vasitəsilə təqdim olunub.
Bu il oktyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,4 %-i MMC, 1,4 %-i SC, 1,2 %-i kooperativ və s. formalarda yaradılıb.
Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,1 %-i yerli investisiyalı, 23,9 %-i xarici investisiyalı qurumlardır.