Azərbaycanda “Yaşıl Universitet”in yaradılması təklif edilir - MÜSAHİBƏ

Azərbaycanda “Yaşıl Universitet”in yaradılması təklif edilir - MÜSAHİBƏ Universitetlərdə tədris prosesi ilə tədqiqatlar arasında balansın təmin olunması müasir dövrün mühüm çağırışlarından hesab edilir. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?
Biznes
17 Aprel , 2024 14:23
Azərbaycanda “Yaşıl Universitet”in yaradılması təklif edilir - MÜSAHİBƏ

Universitetlərdə tədris prosesi ilə tədqiqatlar arasında balansın təmin olunması müasir dövrün mühüm çağırışlarından hesab edilir. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov bu barədə, eyni zamanda elmi tədqiqatların kommersiyalaşdırılması, elmi-pedaqoji kadr potensialı, “Dil imperalizmi”nin problemləri və sair haqqında "Report"a müsahibəsində danışıb. Həmin müsahibəni təqdim edirik:

- Müasir dövrdə elmi tədqiqatların nəticələri tədris prosesinə inteqrasiya olunurmu? Universitetlərimiz tədris və tədqiqat arasında tarazlıq qura bilirmi? Elmi tədqiqatların kommersiyalaşdırılması üçün nə edilməlidir?

- Modern ali məktəblərin məqsədi öyrətmək deyil, öyrənmək olmalı­dır. Öyrənməsini bilməyən ali məktəblər, öyrədən müəssisə də ola bilməz, yəni özü öyrənməyənin, başqasını öyrədə bilməsi mümkünsüzdür. Qlobal səviyyədə patentləşdirmə işlərinin icmalından belə bir nəticə çıxarmaq olar ki, biotexnologiyalar sahəsində elmi tərəqqinin mühərriki kimi firmalar yox, məhz universitetlər çıxış edir.

Yeni çağırışlar çərçivəsində qarşıda duran ən böyük vəzifələrdən biri universitetlərin onlara nə dərəcədə hazır olması ilə bağlıdır. Dünya təcrübəsinə nəzər salmış olsaq görərik ki, ən çox müzakirə edilən mövzular sırasında universitetlərin iqtisadiyyatın tələblərə nə dərəcə cavab verməsi ilə bağlıdır.

Universitetlər cəmiyyətin hüquqi və sosial-iqtisadi problemlərinin həllinə mühüm təsir göstərən biliklər istehsal edirlər. Ali təhsil müəssisəsinin qarşısında duran vəzifələrdən biri də innovativ layihələrin həyata keçirilməsi üçün şərait və mühitin yaradılmasıdır. Universitetlər biznes və elmi ixtiraların kəsişməsi üçün ən münbit və münasib yer olmalıdır.

Belə ki, universitetlər kadr hazırlığı ilə yanaşı həm də cəmiyyətin problemlərinin həlli yollarını araşdırmalıdır. Bu gün universitetlər əmək bazarının müasir çağırışlarına cavab verən güclü kadrların yetişdirilməsini təmin etməlidir. Çünki güclü milli iqtisadiyyatı müvafiq kadrlarla məhz universitetlər təmin etməlidir. Bu prosesdə xüsusi rol elmi tədqiqatlara məxsusdur. Eyni zamanda bir məqama xüsusilə diqqət yetirmək lazımdır. Belə ki, əgər elmi tədqiqatlar təhsildə, biznesdə istifadə edilmirsə, onun praktiki tətbiqində cəmiyyət hər hansı töhfə hasil etmirsə, o zaman həmin elmi tədqiqatın nəticəsi böyük sual doğurur. Çünki müasir dövrdə elmi tədqiqatlar ilk növbədə nəticə yönümlü olmalıdır. Belə olduğu təqdirdə həmin tədqiqatların kommersiyalaşdırılması prosesi də xeyli asanlaşmış olur.

Bunun nəticəsidir ki, ABŞ-də bu gün patentlərin 80 %-i universitetlərin payına düşür. Bu isə öz növbəsində həmin universitetlərə böyük gəlir təmin etmiş olur. Bilirsiniz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bundan dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə misli görünməmiş quruculuq işlərinə start verildi və hazırda da bu proses yüksək templərlə davam etdirilir.

Ölkə başçısının müvafiq sərəncamı ilə Qarabağ Universiteti yaradılır. Həmin universitet məhz daha əvvəl qeyd etdiyimiz vacib missiyaları özündə ehtiva etmək potensialına malikdir. O, həm təhsilin müasir çağırışları qarşılayacaq səviyyədə təşkilini, həm nəticə yönümlü elmi tədqiqatların aparılmasını, həm də tədqiqatların kommersiyalaşmasını təmin edə bilər. Beləliklə, Azərbaycanda 1.0 və 2.0 tipli universitetlər çoxdan formalaşıb, 3.0 tipli universitetlər isə formalaşma mərhələsindədir. Bu tip universitetlər yaradılmalıdır. Hesab edirik ki, dövlətimizin və hökumətimizin, eləcə də bəzi universitetlərimizin müəyyən addımları bu prosesi sürətləndirməlidir. Universitet 3.0 peşəkar kadrlar hazırlamağa və istedadlı insanlarla işləməyə imkan verəcək, həmçinin biznes ictimaiyyəti ilə səmərəli əlaqələri təmin edəcək.

Azərbaycan üçün “Universitetlər 3.0” təkamülü ciddi sosial və iqtisadi problemdir, çünki bu tipli universitetlər iqtisadi islahatların aktiv aktorları olaraq bu gün cəmiyyətin modernləşdirilməsində və onun bilik iqtisadiyyatına transformasiya olunmasında fəal rol oynamalıdırlar.

Beləliklə, müasir universitet elmtutumlu texnologiyalar və innovasiyalar yaradır, sənaye ilə sıx əlaqədə olur, biliklərə əsaslanan məhsulların istehsalçısına çevrilir, əmək bazarı üçün yeni iş yerləri təklif edir, texnoparklar və startaplar vasitəsilə real bazarda biznes subyekti kimi iştirak edəcək. Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan elm, elm və praktika ilə əlaqəsi olmayan təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil.

- Universitetlərin elmi tədqiqatları iqtisadiyyatın çağırışlarına, elmi-pedaqoji kadr potensialı isə yeni dövrün tələblərinə cavab verirmi?

- Əvvəla elmi tədqiqatlara sifariş olmalıdır. Bu, çox mühüm aspekdir. Dövlət, özəl sektor, QHT-lər, xüsusilə də siyasi partiyalardan buna sifariş olmalıdır. Bu gün siyasi partiyalar dövlət tərəfindən maliyyə dəstəyi alır. Onların bir qismi Milli Məclisdə də təmsil olunur və bir çox problemlərin müzakirəsində iştirak edirlər. Ancaq onların hər hansı biri bu problemlərin həlli yönündə elmi tədqiqat sifariş veribmi?

Bu gün dünyada artıq sadəcə şəxsi fikrə söykənən iddialara az yer verilir. Xüsusilə ictimai əhəmiyyətli problemlərin müzakirəsi elmi tədqiqatlara əsaslanmalıdır. Bu, həll yollarının tapılma prosesini asanlaşdırmaqla, yalnış qərarların alınması minimallaşdırmış olur. O ki qaldı, kadr potensialına bu gün öyrədən öyrədiləndən az maaş ala bilməz. Ona görə elmi pedaqoji kadrların sosial təminatı mühüm əhəmiyyət kəsb edir. Burada isə iki mühüm faktoru qeyd edə bilərik. Bunlardan biri monetar faktordur. Biz bunu Qərb təhsil modelində daha aydın görmüş oluruq. Keçmiş SSRİ dövründə isə biz daha çox sosial təşviq metodlarının qabardıldığını müşahidə edirdik. Bura pulsuz mənzillə, maşınla, bağ evi ilə təmin olunma daxil idi. Bu, elmi pedaqoji fəaliyyətin stimullaşdırlmasında mühüm alətlər idi.

Bu gün elmi pedaqoji kadrların yetişdirilməsi universitetlər üçün əsas prioritet olmalıdır. Milli iqtisadiyyatın kadr təminatını ilk növbədə milli universitetlər təmin etməlidir.

- Ali təhsil müəssisələrində vəzifələrin strukturu necə olmalı, akademik bazarın fəaliyyəti necə qurulmalıdır?

- Müasir dövrdə siz ömür boyu sadəcə müəllim olaraq qala bilməzsiniz. Müəllim olaraq universitetdə fəaliyyətə başlayan sonra beş il ərzində elmi dərəcə və elmi ad almalısınız. Yəni siz təqaüdə çıxana kimi, müəllim, baş müəllim, dosent və professor vəzifə və elmi adlarını əldə etməyə can atmalısınız. Konkret ixtisaslaşma olmalıdır. İxtisas hazırlığında iştirak etməyən və ya ixtisas kafedrası olmayan universitetlərdə dərs deyən, sadəcə mühazirə oxuyan müəllim professor ştatında ola bilməz. Adətən, bu kimi müəllimləri universitetlərə mühazirəçi olaraq ştata alırlar. Çünki tələbə təhsil haqqını ixtisasa yiyələnmək üçün verir. Ona görə ştat cədvəlinə və vəzifə bölgüsünə yenidən baxılması müasir dövrün tələbidir.

- Hazırda universitetlərdə tədris prosesinin qarşısında hansı çağırışlar durur?

- Burada bizim qarşımızda mahiyyətcə iki vəzifə dayanır. Birincisi, elə etmək lazımdır ki, tələbələr bilikləri sadəcə istehlak formasında qəbul etməsinlər və onları mənimsəyərək öyrənsinlər. İkincisi, "feedback"i artırmaq və daha da rəngarəng etmək lazımdır, tələbələr və müəllimlər arasında əlaqə və əks-əlaqə olmalıdır.

Tələbələri sərbəst fəaliyyət istiqamətinə stimullaşdırmaq lazımdır. Tələbələr müzakirələrin aktiv iştirakçısı olmalı və onlar düşünərək öyrənməlidirlər. Lakin ictimai və sosial elmlər üzrə kimsə kitab oxumursa, onu nəyəsə və necə öyrətmək olar? Bu isə adi mövzular deyil, əksinə müzakirəyə və düşüncəyə əsaslanan mövzulardır. Ancaq müasir tələbələr elmi və tədris əhəmiyyətli kitablardan az istifadə edir. Əgər tələbələr elmi kitab mütaliə etmirsə, deməli, müvafiq mövzunun quruluşunu izah edə bilməyəcəklər.

Professor və ya mühazirəçi tədris prosesində apardığı elmi–tədqiqat işləri ilə tələbələri tanış etməlidir. Başqalarının hazırladığı dərslikdən dərs demək tələbələrin diqqətini yayındırır. Professor dərsdə öz elmi fəaliyyəti haqqında, yəni apardığı tədqiqatın müzakirəsini təşkil etməlidir. Özünün tədqiqatlarını tələbələrin ictimai müzakirəsinə təqdim etməyənlər heç bir halda yaxşı mühazirəçi və ya müəllim ola bilməz.

Tələbələrə akademik bacarıqlar yeni formada öyrədilməlidir. Bu bacarıqlar çoxməzmunludur və kritik düşüncəni formalaşdırır, səmərəlidir, həm də mühüm problemləri müəyyənləşdirməyə imkan verir. Düşüncənin "Google"laşdırılması gedir. Biz artıq həqiqətən beynin vasitəsilə yox, "Google"un köməyi ilə fikirləşirik. Ən başlıcası, internet tənqidi düşüncəni söndürür və o, bu cür fikirləşməyi öyrətmir. Tənqidi düşüncəni kitablar öyrədir, bunun üçün keçmiş bilik sisteminin meyarları, o cümlədən ensiklopedik biliklər daha çox önəmlidir. İnternet bilikləri və informasiyanı kifayət qədər sadələşdirir və həzm etmək üçün asanlaşdırır, nəticədə, insanı tənqidi düşüncədən məhrum edir. Hamı çalışır ki, nə isə asan və daha gözə soxulan ideyaları, frazaları və nəzəriyyəni önə versin və onun köməyi ilə izah etsin. Bu məsələ təkcə müəllimlər üçün yox, həm də cəmiyyət üçün xarakterikdir.

- “Elmi nəşrlərin inflyasiyası”nın akademik fəaliyyətə təsirini necə dəyərləndirirsiniz? Tədqiqatın dərc olunduğu elmi nəşri, yoxsa məqalənin elmi səviyyəsi qiymətləndirilməlidir? Konfransların elmi dəyəri necə ölçülə bilər?

- Konkret elmi nəticə necə əldə olunur? sualı olduqca düşündürücüdür. Adətən, bu suala cavab ictimaiyyətə böyük əhəmiyyətli elmi tədbirlərdə məruzələr və onların müzakirəsi zamanı məlum olur. Birinci, dərcetmə – məruzənin tezisləridir. Növbəti mərhələdə tədqiqat dərinləşdikcə məruzə məqaləyə çevrilir və hər hansı bir tematik topluda və ya elmi jurnalda dərc olunur.

Birinci halda ideyanın tez yayılması daha çox diqqət çəkir, belə ki, tematik toplu faktiki olaraq kollektv monoqrafiyaya çevrilir və qrup şəklində tədqiqatçıların əldə etdikləri nəticələri özündə əks etdirir. Növbəti mərhələ isə jurnalda dərc olunma və ya monoqrafiyanın buraxılması ilə yekunlaşır və bu mərhələnin bitməsi baş verir. Yaxşı monoqrafiya – bir neçə məqalələrin (elmi nəticələrin) mexaniki birləşməsindən ibarət deyildir, elmi nəticələri özündə əks etdirən əsərdir. Dərsliyin yaradılmasında isə daha çox geniş yayılan və istifadə olunan, o cümlədən tədris prosesinə daxil edilən materiallara üstünlük verilir.

Beləliklə, elmi nəşrlərin təbii zənciri bundan ibarətdir: məruzələrin tezisləri; tematik toplular; monoqrafiyalar; dərsliklər. Bu halda konfransların materialları, məqalələr toplusu, monoqrafiyalar, dərsliklər, başqa sözlə, dərc olunanların əsas kütləsi (elm və texnikanın inkişafına yönəlmiş) inkar olunur. Konfransların materiallarına, yəni ideyaların ilk dəfə dərc olunduğu nəşrlərə daha çox əhəmiyyət verirlər.

Bununla bağlı vəziyyət birmənalı deyil. Son zamanlar hətta beynəlxalq miqyasda “yırtıcı jurnallar” ifadəsi də təşəkkül tapıb. Bu tip jurnallar adətən dünya miqyasında qəbul olunan nüfuzlu elmi nəşrlərin klonları qismində çıxış edir. İnsanların etimadından sui-istifadə etməklə elmi məqalənin həmin nəşrlərdə yayımlanması təmin olunur. Yəni insan bu cür jurnalda elmi məqaləsini yayımlamaqla özüdə bilmədən nüfuzuna ciddi zərər vurmuş olur.

Analoji tendensiya bu gün konfranslarla da bağlı müşahidə edilməkdədir. Bir çox konfransın tərkibinə nəzər salanda görə bilərsiniz ki, iştirakçılar ya şərqi Avropanı ya da keçmiş ittifaq respublikalarını təmsil edirlər və bir çox halda heç akademik fəaliyyətlə də məşğul deyillər. Ona görə bu tip konfranslar dəyərləndirilərkən onların nə dərəcədə elmi yönümlü olmasına diqqət etməliyik. Bu tip hallardan sığortalanmaq üçün isə müvafiq qurumlar məlumatların dolğunluğu haqqında qaydalar işləyib hazırlamalıdırlar. Bu o deməkdir ki, əgər sən bizim universitetin nümayəndəsisənsə məqaləni ancaq müəyyən olunmuş nəşrlərdə çap etdirə bilərsən. Bu zaman çox ciddi norma və standartlar müəyyən olunur. Elmi jurnallarda dərc olunanlar və istinadların sayına görə hesablanan elmmetrik göstəricilər yalnız məlumat – yardımçı rolunu oynaya bilər. Məsələn, 1995-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatı almış Edvard Lyus çox az məqalə dərc etdirmiş və aşağı H–indeksə malik olmuşdur.

Ölkədə və regionda ilk dəfə yaradılan UNEC-də Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamenti və onun tərkibində Elmmetriya şöbəsi təsis olunub. Departamentin yaradılması vaxtında verilən ən düzgün qərarlardan biridir. Departamentin işi nəticəsində UNEC-də elmi fəaliyyətin nəticələrini hər an görməyə imkan verir.

- Beynəlxalq elmi məlumat bazalarında “Dil imperalizmi”nin problemləri nədən ibarətdir, onların həlli istiqamətində nə etməliyik?

- Sovet İttifaqı dağıldıqdan sonra Qərbdəki elmi fondlar rus dilində olan tədqiqatların başqa dillərə, o cümlədən ingilis dilinə tərcüməsinə külli miqdarda vəsait sərf edirdilər.

Sosial elmlər istiqamətində, yəni mədəni və milli reallıqların vacib olduğu elm sahələrində bu məsələ xeyli aktualdır, başqa sözlə, ingilis dilini zəif bilən alimin tədqiqatlarının mükəmməl olacağına inam azdır. Ona görə də elmi sahələrin nümayəndələri ingilisdilli akademik arenada nəşr olunan elmi jurnalların redaktorlarının və nəşriyyatların maraqlarına səbəb ola biləcək tədqiqat mövzularına daha çox üstünlük verməyə məcburdurlar.

Belə ki, ingilisdilli beynəlxalq jurnallarda çoxlu sayda dərc olunma yarışına məcbur qoşulduqlarından, alimlərin əhəmiyyətli bir hissəsi yerli mətbuatda və elmi jurnallarda az dərc olunur, bu isə ictimai diskussiyanın inkişafına mənfi təsir göstərir. Belə ki, bu elmlərin əsasında çoxdillilik və çoxmədəniyyətlilik əsas şərtdir.

Dünya universitetlərində ingilis dilinin sürətlə yayılması, o qədər də hiss edilməyən digər bir problemin ortaya çıxmasına səbəb olub. İngilisdilli ölkələrdən olan tələbələr artıq başqa dillərə və onların öyrənilməsinə maraq göstərmirlər. Onlar əmindirlər ki, hansı ölkədə olmalarından və oxumalarından asılı olmayaraq, ingilis dilində danışacaqlar və ünsiyyətdə olacaqlar. Bu səbəbdən, kursların da sayı azalmaqdadır, həmçinin dünya mədəniyyətinin və sivilizasiyanın öyrənilməsi üzrə kurslara da maraq azalıb. Nəticədə, ingilisdilli ölkələrdən olan tələbələr digər dünya ölkələrinin dilləri və mədəniyyətləri haqqında çox zəif bilgiyə malikdirlər.

“İngilis imperializmi” adlanan bu problemin sadə həlli demək olar ki, yoxdur. İnkar etmək olmaz ki, hazırda ingilis dili dünya elm və təhsilində hökmranlıq edir, eyni zamanda dünya alimlərinin və tələbələrinin formal və qeyri-formal ünsiyyətlərində əsas yeri tutur. Ümumiyyətlə universitetlərdə təhsil proqramları üçün dil seçərkən ona çəkilən xərcləri və verə biləcəyi nəticələri ciddi şəkildə anlamaq və təhlil etmək zəruridir.

Təsadüfi deyil ki, bu gün dünyadakı elmi nəşrlərin 70-80 %-i məhz ingilis dilindədir. Azərbaycan da bu mənada istisna deyil. Elmi məqalənin daha geniş auditoriyaya çıxışının təmin olunması uçun ingilis dilində çap edilməsi labüddür. Lakin yalnız bu yöndə fokuslanmaq yanlış olardı. Tədqiqatlar bir dildə deyil, çoxlu dillərə yönəlik olmalıdır. Bu aspektdə ilk növbədə tədqiqatların Azərbaycan dilində nəşrinə nail olmalıyıq. Azərbaycanda nüfuzlu milli elmi jurnalın formalaşdırılması mühüm prioritetlərdən biri olmalıdır.

Ötən əsrin əvvəllərində çar Rusiyası dönəmində rus dilində təhsil alan nə qədər aydınlarımız öz doğma yurdlarına qayıdıb ana dilində tədrislə, dilin inkişafı ilə məşğul olublar. Bu gün isə xaricdə təhsil alanlar universitetlərdə əcnəbi dildə tədrislə məşğuldurlar. Əlbəttə ki, bu da önəmlidir. Həmin tələbələrin gələcəkdə xaricdə təhsil almalarında bu aspekt əhəmiyyətli rol oynaya bilər. Ancaq dövlət proqramları çərçivəsində xaricdə təhsil alanlar əldə etdikləri təcrübəni həm də və ilk növbədə ana dilində tələbələrlə bölüşməlidir. Bu nəticə etibarı ilə Azərbaycan dilinin inkişafını təmin edəcək. Bu mənada qardaş Türkiyənin nümunəsi önəmlidir. Vaxtı ilə onlar da eyni inkişaf yolunu keçiblər. Nəticədə bu gün ABŞ-də dərc olunan hər hansı mühüm elmi məqalə cəmi bir gün sonra türk dilinə çevrilir. Bu prosesdə dövlət və özəl sektorun kooperaisyası mühüm əhəmiyyət kəsb edir. Dövlət üçün bu, milli maraq məsələsidir. Özəl sektor isə dünya çapında qəbul edilmiş uzunillik yanaşmaya uyğun olaraq vacib sosial missiya daşıyıcısıdır. Yəni hər hansı fəaliyyətin maliyyələşdirilərkən heç də hər zaman bu prosesdən maddi nemət əldə etmək məqsədi güdməməlidir. Şirkətlər bu cür təşəbbüslərdən ilk növbədə reputasiya dividendləri əldə edirlər.

- Bu ilin noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. COP29 Azərbaycana nə kimi töhfələr verəcək?

- Bu cür mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilk növbədə ölkəmizə verilən önəmi və bizim qlobal "yaşıl" hərəkatda əhəmiyyətimizi göstərir. Bu, heç də təsadüfi deyil. “Yaşıl dünya” ideyası olmayanda hələ ötən əsrin ortalarında Azərbaycanda "Yaşıl teatr" fəaliyyət göstərirdi. Bizim bununla bağlı geniş tarixi irsimiz var və bunlar kitablarda öz əksini tapmalıdır.

Bu gün təbii resurslar artıq təkcə hər hansı konkret ölkəyə deyil dünyaya məxsusdur və bu resursların tükənmə prosesi gedir. Bu gün bəşəriyyət qarşısında resurslardan səmərəli istifadə və qısa zaman kəsiyində “yaşıl keçid”in təmin olunması kimi vacib bir missiya dayanır. Bunun reallaşdırılması bu sahədə ixtisaslı kadr bazasının formalaşdırmasını tələb edir. Bununla belə ölkədə bu sahədə kəskin kadr çatışmazlığı hiss olunmaqdadır. Belə ki, banklardan biri "yaşıl istiqraz" buraxır, lakin, bu sahədə mütəxəssis hazırlığı varmi? Analoji vəziyyət "yaşıl" bankçılıq, sığortaçılıqla da bağlı müşahidə edilir. Bu mənada Azərbaycanda “Yaşıl Universitet”in yaradılması labüddür. Bu, bir tərəfdən kadr “aclığı”nı aradan qaldıracaq, digər tərəfdən isə cəmiyyətə “yaşıl mədəniyyət”i aşılayacaq.

Son xəbərlər

Orphus sistemi