Azərbaycanda tikinti materiallarının istehsalı 36 %-ə yaxın artıb

Biznes
  • 27 iyul, 2024
  • 12:51
Azərbaycanda tikinti materiallarının istehsalı 36 %-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 642,7 milyon manat dəyərində tikinti materialları istehsal edilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35,7 % çoxdur.

Hesabat dövründə tikinti şüşəsi istehsalı 11,5 % artaraq 5 milyon 13 min kv.metrə, tikinti kərpicləri istehsalı 11,6 % artaraq 302,3 min kubmetrə, sement klinkerləri 5,6 % artaraq 1 milyon 924,4 min tona, sement 13,3 % artaraq 1 milyon 996,9 min tona çatıb, əhəng istehsalı 46,3 % azalaraq 12,5 min ton olub, gips məmulatları istehsalı isə 9,3 % artaraq 61,2 min tona enib.

Bu ilin iyulun 1-nə ölkədə 1 milyon 480 min kv.metr tikinti şüşəsi, 2,2 min kubmetr tikinti kərpicləri, 181,7 min ton sement klinkeri, 85,2 min ton sement, 5,4 min ton əhəng, 10,3 min ton gips məmulatları ehtiyatı yaranıb.

Son 6 ayda Azərbaycanda tikinti gipsinin istehsalı 24,9 % artaraq 45,6 min ton, sementdən, betondan kərpiclər və oxşar məmumatların istehsalı 3,1 dəfə artaraq 77,2 min ton olub. Bu müddət ərzində ölkədə betondan yığma tikinti konstruksiyalarının istehsalı 16,8 % artaraq 16 min kubmetr təşkil edib. Bu müddət ərzində beton istehsalı 32,2 % artaraq 2 milyon 340 min ton, asfalt istehsalı isə 44,9 % artaraq 40 min ton təşkil edib.

Bu ilin iyulun 1-nə tikinti gipsinin ehtiyatı 1,8 min ton, sementdən, betondan kərpiclər və oxşar məmumatların ehtiyatı 18,1 min ton təşkil edib. Bu dövrdə ölkədə asfalt istehsalı ehtiyatı isə 0,1 min ton təşkil edib.