Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 %, qeyri-ərzaq malları üzrə 6,3 % artıb.
3 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51 %-i ərzaq məhsullarının, 4,6 %-i içkilər və tütün məmulatlarının, 14,9 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 %-i avtomobil benzini və dizel yanacağının, 4,4 %-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,6 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların dəyəri 1 il əvvələ nisbətən real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.
İllik müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,1 %, fərdi sahibkarlar üzrə 1,4 %, bazar və yarmarkalarda isə 3,5 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 475,3 manatlıq, o cümlədən 264,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 211 manatlıq qeyri-ərzaq malları aıb.