Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 % artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 % artıb Ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq, o cümlədən 33 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Biznes
17 Yanvar , 2024 12:16
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 % artıb

2023-cü ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq, o cümlədən 33 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Məlumata görə, 2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 %, qeyri-ərzaq malları üzrə 5,2 % artıb.

2023-cü ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 %-i ərzaq məhsullarının, 4,4 %-i içkilər və tütün məmulatlarının, 14,3 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 %-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ilində qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3,7 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.

2022-ci illə müqayisədə 2023-cü ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,1 %, fərdi sahibkarlar üzrə 3,6 %, bazar və yarmarkalarda 4,3 % artıb.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 484,2 manatlıq, o cümlədən 270,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 213,3 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər

Orphus sistemi